Aprelin 26-da Ali Məhkəmə hakim Fərhad Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim, Bəxtiyar İmanov və Ayaz Məhərrəmovun kassasiya şikayəini təmin etməyib.
Məmməd İbrahim Amerikanın Səsinə deyib ki, məhkəmədən başqa qərar gözləməyib.
“Biz Ali Məhkəmədən başqa qərar gözləmirdik. Sadəcə işi Avropa Məhkəməsinə aparmaq üçün Ali Məhkəmə instansiyasını keçmək lazım idi. Məhkəmə iclası cəmi 5 dəqiqə çəkdi. Hakim qabaqcadan hazırlanmış qərarı elan etdi. Biz Ali Məhkəmənin qərarı ilə razı deyilik və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyik,” o qeyd edib.
Ali Məhkəmənin cinayət işləri ilə əlaqədar hakimi Fərhad Kərmov Amerikanın Səsinə bildirib ki, məhkəmə artıq qərarını elan edib.
“Məhkəmənin qərarı bizim mövqeyimizdir. Narazı tərəf Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Bu onların hüququdur,” hakim Kərimov Amerikanın Səsinin sorğusuna cavabda qeyd edib.
2021-ci il iyunun 14-də Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində hökm elan edilib. Məhkəmənin hökmünə sasən AXCP Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Fuad Qəhrəmanlıya 3.5 ili sınaq müddəti olmaqla, 4 il 1 ay 17 gün, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il sınaq müddəti olmaqla, 3 il 7 ay 13 gün şərti cəza təyin olunub.
Qalan 8 nəfərə 2,5 il sınaq müddəti olmaqla 2,7 il şərti cəza təyin edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılıb.
Cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs olub.
2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.
AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.
AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.