Accessibility links

İran Səudiyyə Ərəbistanı ilə danışıqları yüksək qiymətləndirib


Səid Xətibzadə
Səid Xətibzadə

İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə danışıqların son raundunun "müsbət və ciddi" olduğunu deyərək, tezliklə gələcək irəliləyişlərə ümid etdiyini bildirib.

2016-cı ildə diplomatik əlaqələri kəsən Tehran və Ər-Riyad ötən ilin aprel-sentyabr ayları arasında İraqda dörd, keçən cümə axşamı isə beşinci görüş keçirib.

"İran və Səudiyyə Ərəbistanı arasında Bağdadda keçirilən danışıqların beşinci raundu müsbət və ciddi olub və müzakirələrdə irəliləyiş əldə edilib" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə jurnalistlərə bildirib.

Əksəriyyəti şiə müsəlman olan İran və Səudiyyə Ərəbistanının sünni krallığı bir sıra münaqişələrdə, o cümlədən Tehranın husi üsyançılarını dəstəklədiyi və Ər-Riyadın hökuməti dəstəkləyən hərbi koalisiyaya rəhbərlik etdiyi Yəməndə də rəqib tərəfləri dəstəkləyir.

2016-cı ildə krallığın hörmətlinin şiə ruhanisi Nimr əl-Nimri edam etməsindən sonra iranlı etirazçılar Səudiyyə Ərəbistanının İslam Respublikasındakı diplomatik nümayəndəliklərinə hücum ediblər.

Ər-Riyad buna cavab olaraq Tehranla əlaqələrini kəsib.

İranın “Nur” xəbər agentliyi bildirib ki, son danışıqlarda İran Ali Milli Təhlükəsizlik Şurasının katibliyinin yüksək vəzifəli şəxsləri və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin rəhbəri iştirak edib. Əlavə edilib ki, iki ölkənin xarici işlər nazirlərinin yaxın gələcəkdə görüşü gözlənilir.

Xətibzadə bildirib ki, danışıqlar birinci dərəcəli siyasi səviyyəyə yüksələrsə, danışıqların müxtəlif sektorlarında sürətlə irəliləyiş əldə oluna biləcəyini gözləmək olar.

O, həmçinin İran və Səudiyyə Ərəbistanı arasında danışıqların növbəti raundunun keçirilməsinə dair razılıq əldə edildiyini deyib, lakin tarixi dəqiqləşdirməyib.


XS
SM
MD
LG