Accessibility links

Ailənin "Sərdarı"- Gözəl Bayramlı


Gözəl Bayramlı
Gözəl Bayramlı

Yaşasaydı 60 yaşı olacaqdı Gözəl xanımın. Bacısı Şirin onun vaxtsız ölümünə hələ də inana bilmir. Hər gün, hər saat onun üçün darıxdığını deyir.

Ailənin "Sərdarı"-Gözəl Bayramlı
please wait

No media source currently available

0:00 0:06:30 0:00

Bəs Gözəl Bayramlı kimdir?

Gözəl Bayramlı 1980-ci illərin sonunda başlayan xalq hərəkatına qoşulub, AXCP Təşkilat şöbəsinin müdiri, sonra isə partiya sədrinin müavini olub. O, keçmiş siyasi məhbus, ictimai-siyasi fəal idi.

Gözəl Bayramlı 2018-ci ildə qaçaqmalçılıqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, bu ittihamları rədd edirdi, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirirdi.

2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamıyla azad olundu. Ancaq onun ömrü həbsdən sonra çox sürmədi. O, iki il əvvəl xərçəng xəstəliyi nəticəsində vəfat etdi.

Bacısı ailənin yeddinci övladı olan Gözəl Bayramlını dürüst, mərd, əqidəsindən dönməyən bir insan kimi xatırlayır.

Şirin Ələkbərova ( Gözəl Bayramlının bacısı)
Şirin Ələkbərova ( Gözəl Bayramlının bacısı)

"Gözəl xanım çox yaxşı bacı idi. Çox savadlı, dərrakəli. Uşaq vaxtından elə böyümüşdü. Hamıya yanan qohum, mətbəxi belə yaxşı bilən. O getdi, sankı özünlə bərabər məni də apardı. Təsəvvür edin mən 1 il 7 aydır depressiyadan çıxa bilmirəm. Elə gün yoxdur ki, mən ağlamayım."

Gözəl Bayramlının bacısı deyir ki, həbs həyatı onun səhhətinə ciddi zərbə vurmuşdu.

"Çox düzgün adam idi. İstəyirdi ki, hər şey düzgün olsun , hamı onun kimi düzgün yaşasın. Apardılar içəri saldılar günahsız bir insanı. Girov saxladılar. Neçə dəfə müraciət elədim ki, dedim xəstədir, buraxsınlar onu. Bir qadını həbsə salmaqla əlinizə nə keçəcək. Bir qadın öldü, əlinizə nə düşəcək?"

Atam o evə gələnə kimi içəri girmirdi. Elə bil, Gözəl saat 9-da işdən gəlməlidir, o içəri girənə kimi "Sərdarım, gəlmədi" deyirdi, "Sərdarı gözləyirəm".

Gözəl Bayramlının məsləkdaşı, siyasi fəaliyyət meydanlarında onunla birlikdə olan Səadət Cahangir idi. O, Gözəl Bayramlını Azərbaycanda ən fəal qadın liderlərindən biri kimi xatırlayır.

"Gözəl xanım Azərbaycanda qadın liderlərindən ən fəalı idi. Mən düşünürəm ki, son 30 ildə Azərbaycanda gedən demokratiya mübarizəsində Gözəl xanım öz möhürünü vurmuş qadındır. Onunla bağlı bizim bütün aksiyalar, mitinqlərdə hamımız bərabər olmuşuq. Bütün hər şey gözümün önündə canlanır onunla bağlı. Demək olar ki, bütün aksiyaların təşkilatçılarından olurdu. İcazəsiz aksiyalarda onun necə çalışdığını həm gülümsəyirəm bəzi xatirələri yada salanda, həm də çox kövrəlirəm. Onun yeri hər zaman görünür. Həm dost olaraq, həm Azərbaycan üçün dəyərli bir insan olaraq onun itkisi mənim üçün çox böyük itkidir. Gözəl xanım hər şeyini, şəxsi arzularını qurban vermiş bir adamdır. İnanıram tarixdə onun adı yaşayacaq bir qadın lideri olaraq."

Səadət Cahangir deyir ki, Gözəl Bayramlıdan cəsarətliyi öyrənib.

"O heç bir təqib və təzyilərdən qorxmadı, əyilmədi, sınmadı, getdiyi mübarizə yolunda da həyatını itirdi. Əminəm ki, yaşayacaq. Onun adı tarixdə ön səhifələrdə olacaq."

Gözəl Bayramlı Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimlinin müavini olub. Bütün tədbirlərdə, mitinqlərdə AXCP sədrini müşayiət edib.

AXCP sədr müavini Seymur Həzi qeyd edir ki, Gözəl Bayramlı Azərbaycanda prinsiplərindən vaz keçməyən, həqiqətindən geri çəkilməyən bir insan idi.

Seymur Həzi: "Mən düşünürəm ki, bizim bu günə qədərki müasir tariximizdə Gözəl xanım ən prinsipial qadın siyasətçi xanım kimi bizim yaddaşımızda var. Onun həyat yolu, 1988-1989-cu illərdə bu prosesə başlaması, xalq hərəkatı ilə birlikdə və həbslə nəticələnən bir mübarizə kulminasiyası idi. O, bir xəstəliyə düçar oldu. Həyatının son anına qədər mübarizədən geri çəkilmədən davam elədi."

Seymur Həzi
Seymur Həzi

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyir ki, Gözəl Bayramlını daim müdafiə edib və onun həbsdən azad olunması üçün mübarizə aparıb.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

"Mübariz qadın idi. Biz onun mitinqlərdə çıxışını, ən çətin məqamda qabaqda olduğunu görürdük. Həmişə də müdafiə edirdik. Çünki onu bir neçə dəfə həbs etmişdilər. Biz həmişə onun yanında idik .Həmişə onu müdafiə edirdik. Partiyalarımızda çox qadınlarımız var. Mübarizdilər. Amma Gözəl onlardan fərqlənirdi."

Gözəl Bayramlı demokratik dəyərlərin hakim olduğu bir cəmiyyətin qurulmasını istəyirdi. O, bu amal uğrunda mübarizəyə ömrünün son gününə qədər sadiq qaldı.

XS
SM
MD
LG