Accessibility links

ABŞ Səfirliyi Ramazan bayramı münasibəti ilə təbrik yayıb


ABŞ-ın Azərbaycandakı səfirliyi Ramazan bayramını təbrik edib.

Bu barədə səfirliyin "Facebook" səhifəsində qeyd edilib.

"Amerika Birləşmiş Ştatları bütün azərbaycanlıları və dünyada Ramazan Bayramını qeyd edən hər kəsi müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir. Müsəlman amerikalılar ABŞ dövləti yaradılan gündən etibarən Amerika ailəsinin bir hissəsi kimi sayılıblar. Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdikləri mərhəmət, ailə, dostluq və xeyriyyə hisslərinə hörmətlə yanaşırıq. Ramazan Bayramınız Mübarək! ", səfirlik bildirib.

Mayın 2-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

2022-ci il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 2-nə təsadüf edib. Ramazan ayı isə mayın 1-də başa çatıb.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 2-si ( Hicri təqvimi ilə Şəvval ayının 1-i) və 3-ü artıq bayram günləri sayılır. Bu bayram ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. Bu dinə görə, həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib.

XS
SM
MD
LG