ABŞ Prezident Co Bayden müsəlmanların müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar bazar ertəsi ziyafət təşkil edərkən dini tolerantlığa çağırıb. Bayden müsəlman amerikalıların töhfələrini yüksək qiymətləndirərək, bildirib ki, "müsəlmanlar cəmiyyətimizdə hələ də hədəflənmiş zorakılıq və islamofobiya da daxil olmaqla, real çağırışlar və təhlükələrlə üzləşsələr də, ölkəmizi hər gün daha da gücləndirirlər".
Katolik olan Bayden Ağ Evdə keçirilən tədbirdə iştirakçılara hər üç əsas din arasında bir çox oxşarlıqlar olduğunu bildirib. O, Ramazan, Pesax və Pasxa bayramlarını sadalayaraq, onilliklər ərzində ilk dəfə olaraq üç İbrahimi dinin hamısının eyni vaxtda öz müqəddəs günlərini qeyd etdiklərini deyib.
Müsəlmanlar üç günlük Ramazan bayramını gün boyu oruc tutduqları Ramazan ayının sonunda qeyd edirlər.
"Müsəlmanlar oruc tutmaqla başqalarının əzabların bölüşdüklərini nümayiş etdirir, səxavətlə dünyanı əziyyət çəkən hər kəs üçün daha yaxşı bir yerə çevirmək əzmlərini gücləndirir və yeniləyirlər" - deyə, Bayden əlavə edib.
Ağ Evdə keçirilən tədbirdə prezidentə xanımı Cil Bayden və vitse-prezident Kamala Harrisin əri Daq Emhoff qatılıb.
Harris keçən həftə COVID-19 testinin müsbət çıxmasından sonra təcrid olunduğu üçün tədbirdə iştirak edə bilməyib. Onun ofisi bazar ertəsi virus testinin mənfi çıxdığını və onun çərşənbə axşamı işə qayıdacağını bildirib.
Tədbirdən əvvəl yaydığı bəyanatda Baydens deyib: "Hər kəs üçün dini etiqad azadlığı ənənəsi ölkəmizi gücləndirir və biz bu fundamental prinsipə kollektiv öhdəliyimizi qorumaq və dərinləşdirmək üçün bütün inanc və müxtəlif mənşəli amerikalılarla işləməyə davam edəcəyik".
"Bu il biz bayramı Ağ Evdə qeyd etmək və xalqımızda daha çox anlaşma və birlik yaratmaq səylərinə rəhbərlik edən ruhlandırıcı müsəlman amerikalıları şərəfləndirmək ənənəsini bərpa edəcəyik" - deyə, Prezident əlavə edib.
Keçən il Ağ Evdə bayram koronavirus pandemiyası səbəbindən virtual olaraq keçirilmişdi.
Baydenlər "dünyada bu müqəddəs bayramı ailələrindən ayrı keçirən və gələcəklərindən əmin olmayan milyonlarla köçkün və qaçqını" da yad edib. Onlar bildirib ki, ölkə "dünyadakı məzlum insanlar üçün ümid işığı kimi xidmət etmək öhdəliyimizi dəstəkləməlidir".