Accessibility links

Təbriz və Ərdəbildə işçilər və təqaüdçülər aksiya keçirib


Təbriz - Təqaüdçülərin mitinqi
Təbriz - Təqaüdçülərin mitinqi

İranda təqaüdçülərin ənənəvi bazar günü mitinqlərinin davamında Təbriz və Ərdəbil şəhərlərində piketlər keçirilib. Bazar günü Təbriz Petrokimya şirkətinin işçiləri də mitinq təşkil edib.

İranın müxtəlif şəhərlərində Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülər aylardır ki maaşlarının aşağı olması və sığorta problemləri ilə əlaqədar etiraz aksiyaları təşkil edirlər.

Əmək hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Təbriz və Ərdəbil şəhərlərində təqaüdçülər may ayının 7-də Sosial Müdafiə Təşkilatının Şərqi Azərbaycan və Ərdəbil vilayətlərindəki baş idarəsinin önündə toplaşıblar.

Sosial Müdafiə Təşkilatının təminatında olan təqaüdçülərin təmsilçiləri əvvəlki həftələrdə agentliklərə müsahibə verərək tələblərini gündəmə gətiriblər. Onlar əmək haqqının real yaşayış xərclərinə uyğun olaraq müəyyən edilməsi, sığorta hüquqlarının tanınması və maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməsi kimi tələblər irəli sürürlər.

Bazar günü Təbriz Petrokimya şirkətinin müqaviləli işçiləri də mitinq keçirib. “İran İşçilərinin Azad Birliyi”nin Telegram kanalının bildirdiyinə görə, aksiyaya qatılanlar “müqaviləli işçilər ilə rəsmi işçilərin maaşları arasındakı böyük fərqə” etiraz edirlər. Xəbərdə rəsmi işçilərin müqaviləli işçilərdən təqribən 5 qat daha artıq maaş aldığı qeyd edilib.

XS
SM
MD
LG