Accessibility links

Rəsmi: Qərbi Azərbaycan vilayəti şiddətli quraqlıqla üzləşir


İranın Qərbi Azərbaycan vilayətinin ərazilərinin 97 faizi quraqlıqla üzləşir. Vilayətin Meteorologiya Baş İdarəsinin rəhbəri bu barədə mətbuata məlumat verib.

“Quraqlıq indeksinə görə hazırlanmış vilayətin quruluq xəritəsi göstərir ki, bir illik dövrdə vilayət ərazilərinin 97 faizi mülayimdən çox şiddətli quraqlığın təsiri altındadır. Vilayətin 64 faizi isə şiddətli və çox şiddətli quraqlıqla qarşı-qarşıyadır,” Meteorologiya Baş İdarəsinin rəhbəri İsmayıl Simayi bildirib.

Simayinin açıqlamalarına görə, vilayət ərazilərinin yalnız 3 faizi normal şəraitdədir.

Rəsmilərin açıqlamalarına görə, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərinin arasında yerləşən Urmiyə gölü də son illərin ən bərbad vəziyyətini yaşayır.

Dövlət agentliyi İRNA-nın keçən ay yaydığı məlumata əsasən, Urmiyə gölünün sahəsi keçən ildən bəri təqribən 30 faiz kiçilib.

Təbriz başda olmaqla İran Azərbaycanının bir çox şəhəri bir neçə ildir Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkirlər. İran mətbuatına danışan ekspertlər göl sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər.

Universitet profesoru və İran ətraf mühit mühafizəsi təşkilatının keçmiş başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.

XS
SM
MD
LG