Accessibility links

Təbriz və Ərdəbil dövlət universitetlərində kitab sərgiləri açılıb


Təbriz və Ərdəbil dövlət universitetlərinin tələbələri kitab, jurnal və türkcə təqvimlər sərgiləmək üzrə tədbirlər keçirib.

Təbriz Universitetinin tələbə dərnəyi olan Azərbaycan Tanıtım Ocağı mayın 7-dən 5 gün müddətinə kitab sərgisi tədbiri keçirib. Sərgidə tarix, fəlsəfə, sosiologiya, dil, ədəbiyyat və uşaq kitabları ilə birgə Azərbaycanın ənənəvi geyimləri və musiqi alətləri də nümayiş etdirilib. Azərbaycan Tanıtım Ocağının İnstagram səhifəsində paylaşılan görüntülərdə tədbir keçirən tələbə fəalları ziyarətçilərə xarıbülbül simvolunu hədiyyə olaraq paylayıb.

Ərdəbil dövlət universitetində tələbələr mayın 9-da kampusda pavilyon quraraq türkcə-farsca jurnallar və türkcə təqvimlər paylayıblar. Universitetin kampusunda Xətai Mədəniyyət Ocağı tərəfindən qurulan pavilyonda "Neçə dil bilən neçə insandır, ana dilini bilməyən necə insandır?" şüarı yazılmış plakat nümayiş etdirilib.

Eyni gündə Təbrizin Səhənd Universitetinin tələbələri Səhənd jurnalının 4-cü sayını nəşr ediblər. Ərdəbil universitetində türk-fars dillərində nəşr edilən Savalan tələbə jurnalının 22-ci sayı tələbə dərnəyi olan Xətai Mədəniyyət Ocağı tərəfindən nəşr edilib. Həmin jurnalda xüsusilə İran Azərbaycanında 1945-1946 illəri arasında təsis edilən Azərbaycan Milli Hökuməti və Urmiyə gölünün quruması ilə əlaqədar məqalələr dərc edilib.

Ərdəbildə sərgi
Ərdəbildə sərgi

İran Azərbaycanında milli fəallar 9 may tarixini tələbə günü olaraq qeyd edirlər. Günaz TV saytında bu barədə verilən məlumata görə, 9 may 1995-ci ildə türk tələbələr İran Radio və Televiziya Qurumunun Tədqiqat Mərkəzi Tehran və Qum şəhərlərində anketlər paylayaraq "Türklə evlənməyə razısınızmı? Qızınızı türk kişisinə verməyə razısınızmı? Qonşunuzun türk olmasına hazırsınızmı? Əksəriyyətinin türklər olduğu bir məhəllədə yaşamağa razısınızmı?" "Bir türklə səyahət etməyə razısınızmı?" kimi suallar təqdim edilmişdi.

Həmin anketin yayılmasına etiraz olaraq 9 mayda azərbaycanlı tələbələr müxtəlif universitetlərdə mitinqlər keçirərək İran Radio və Televiziya Qurumunun yayımladığı anketi psləmişdi. Həmin gün azərbaycanlı fəallar tərəfindən Azərbaycan Tələbə Günü olaraq qeyd edilib.

XS
SM
MD
LG