Accessibility links

Azərbaycan Mərkəzi Bankındakı dəyişikliklər, Rusiyaya sanksiyaların mümkün təsirləri - müşahidəçilər şərh edir



Məhəmməd Talıblı: Rusiyanın bank sektoruna sanksiyalar ciddi bir bombadır
please wait

No media source currently available

0:00 0:06:00 0:00

Məhəmməd Talıblı: Rusiyanın bank sektoruna sanksiyalar ciddi bir bombadır

İqtisadçı Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda Mərkəzi Bankının rəhbərliyinin dəyişdirilməsi, Qərbin və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Azərbaycan maliyyə-bank sisteminə təsirlərindən danışıb.

Amerikanın Səsi: Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin dəyişdirilməsindən sonra ölkədə pul-kredit siyasətində yeniliklər gözləmək olarmı?

Məmməd Talıblı: Ümumiyyətlə, Mərkəzi Bank rəhbərliyinin uzunmüddətli, 30 il ərzində baş bankir olması özü normal hal deyil. İkinci bir tərəfdən Mərkəzi Bankın əvəzçilyi kadr islahatları kimi qiymətləndirilir, əslində bu kadr islahatları kimi qiymətləndirilə bilməz. Çünki, özəl bank sektorunda çalışmış bir mütəxəssisin belə bir mühüm vəzifəyə gətirilməsi hansı nəticələrə gətirib çıxaracaq, bunu söyləmək çətindir. Çünki, ümumiyyətlə biz bir şeyin fərqində olmadıq, menecment elmi ilə dövlət idarəetməsi tamamilə fərqli anlayışlardır. Menecerlər daha çox komersiya şirkətlərində, özəl sektorda çalışır. Amma dövlət idarəetməsi tamamilə fərqli bir yanaşmadır. Dövlət idarəçiliyi, dövlətçi baxışı dövlət ərkanı tələb edir. Digər tərəfdən isə belə daha çox xüsusi idarəetmənin mövzusuna daxildir. Dövlət idarəçiliyinə mühüm vəzifəli şəxsləri gətirilən zaman biz daha çox özəl sektora müraciət etməməliyik. Çünki dövlət idarəçiliyi tamamilə fərqli yanaşmaları, baxışları, peşəkarlığı tələb edir. Bu baxımdan biz qərarlarımızda ölçülü və biçili davranmalıyıq.

Amerikanın Səsi: Ümumiyyətlə, Azərbaycanda Mərkəzi Bankın maliyyə-iqtisadi siyasəti ölkənin maliyyə bazarında davamlı sabitliyə təminat verirmi?

Məmməd Talıblı: Biz yalnız Mərkəzi Bankın yürütdüyü siyasəti bir monetar siyasətin konturları kimi qiymətləndirə bilərik. Bununla da biz Mərkəzi Bankın antiinflyasiya tədbirlərinin həyata keçirilməsini, milli valyutanın güclü bir valyutaya çevrilməsi üçün yürütdüyü siyasət hədəfləməliyik. Amma nəzərə almalıyıq ki, bir çox hallarda mərkəzi bank iqtisadiyyatın özündə baş vermiş mövcud vəziyyətləri ümumiləşdirilmiş tendensiyalarda ifadə edir. Əgər ölkənin iqtisadiyyatında daha çox istehsal, ixracat potensialı zəifdirsə eyni zamanda milli valyutanın arxasında duran ləl-cəvahirət, rezervlər məhduddursa, o zaman MB-nin yürütdüyü siyasətin keyfiyyətindən asılı olmayaraq milli valyutanı güclü valyuta olması ehtimalı çox zəifdir. Ona görə də hər bir valyutanın arxasında dura bilən çox ciddi konstruksiya olmalıdır. Əgər bu yoxdursa, biz valyuta siyasətini yalnız əlahiddə bir siyasət kimi təqdim edə bilmərik. Manatın uzun müddət bu vəziyyətdə qalması hökümətin qərarlarından aslıdır. Eyni zamanda iqtisadiyyatın özünün xarakterindən aslıdır. Bir çox hallarda ölkədə valyuta azlığı ehtimalı yarana bilər. Azərbaycan valyuta azlığı ehtimalı daha çox post neft dövrü ilə əlaqəlidir. Azərbaycanda neft hasilatı aşağı düşür, ya da neftin qiyməti aşağı düşür ölkə ümumiyyətlə valyuta gəlirlərində ixracatda 90-92 faiz olan neft və neft məhsullarından valyuta daxil olma kanalı məhdudlaşır. Bu zaman təbii ki, milli valyutanın dəyərdən düşmə ehtimalı daha da yüksəlməyə doğru gedir.

Amerikanın Səsi: Qərbin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bu ölkənin valyutası olar rublun məzənnəsini sabitsizləşdirib. Azərbaycanla Rusiya arasında sıx iqtisadi və ticari əlaqələrinin olmasını nəzərə alsaq rublun qeyri-sabit, dayanıqsız valyutaya çevrilməsi Azərbaycan üçün hansı problemlər yarada bilər?

Məmməd Talıblı: Rusiya iqtisadiyyatında sanksiyalar, xüsusilə bank sektorunda olan sanksiyalar ciddi bir bombadır. Bu mərhələli olaraq partlamağa doğru gedir. Biz sadəcə olaraq növbəti ilin sonuna qədər daha çox iqtisadiyyatın həcm baxımından kiçilməsini hiss edəcəyik. Yəqin ki, müxtəlif tədqiqatlara görə bu, ÜDM-nin 14 faiz kiçilməsi deməkdir. Digər tərəfdən isə Rusiyanın valyuta rezervləri təxminən 16 faizi Mərkəzi Bankın rezervləridir. Eyni zamanda ölkənin rezervlərinin xarici valyutada saxlanan hissəsi xüsusilə də funt sterlinq, avro və dollarında olan hissəsi sanksiyaların təsiri altına düşüb. Bu o deməkdir ki, artıq Rusiya iqtisadiyyatında rezervlərdən istifadə imkanları məhdudlaşır. Bu isə ölkə iqtisadiyyatına, həm də milli valyutanın dəyərdən düşməsi üçün ciddi əsaslar yaradır. Bu baxımdan biz Rusiyanın nə zamansa bu gedişlərdə real defolta yaxın olmasa da texniki defolta yaxın olduğunu hiss edirik. Bu isə o deməkdir ki, texniki defolt olursa Rusiyadan xarici tərəfdaşları hər hansı bir anda vəsaitinin, həm də vəsaitdən əlavə faiz gəlirlərinin geri alınması üçün hər hansı bir məhkəməyə müraciət etmək hüququ yaranır. Bu hüququn yaranması isə ümumiyyətlə həm də əlavə olaraq Rusiya iqtisadiyyatı üçün müəyyən bir etimadsızlıq mühitin yaranmasıdır. Bundan sonra isə dünyada çox ciddi reytinq agentlikləri vardır ki, bu reytinq agentlikləri elan edəcəklər ki, Rusiya iqtisadiyyatı həm investisiya, həm kredit cəlbediciliyi baxımndan əhəmiyyətini itirir. Bundan sonra Rusiya iqtisadiyyatına etimadsızlıq daha da böyüyəcək. Bundan sonra nəinki Rusiyaya investisiya axacaq, həm də indiki halda olduğu qədər Rusiyadan surətlə mühacir kapitalının kənara axın prosesi baş verəcək. Bu isə ölkə iqtisadiyyatı üçün əlavə çox ciddi itkilər deməkdir.

Öz növbəsində Milli Məclisin deputatı Vüqar Bayramov Amerikanın Səsinə bildirib ki, Mərkəzi Bankda kadr islahatlarının aparılması zəruri idi.

Vüqar Bayramov
Vüqar Bayramov

“O baxımdan Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində yeni təqdimata baxıldı və dəstəkləndi. Nəzərə alsaq ki, yeni düzən konteksində həm qlobal bazarlarda, həm istehlak məhsulların qiymətində artımlar var. Eyni zamanda məzənnə siyasətinin təkmilləşdirilməsi daha da prioritetləşib. Dünya bankı da daxil olmaqla aparıcı maliyyə qurumları Azərbaycan üçün inflasiya proqnozuna baxaraq, dəyişikliklər edib. Bu isə ondan xəbər verir ki, 2022-ci il və növbəti illərdə inflyasiyanın tənzimlənməsi prioritetlər siyahısında olacaq. Məzənnə siyasətinin təkmilləşdirilməsi və bank sektorunun müasir çağırışlara uyğun olaraq inkişafının təmini də vacib məsələlərdəndir. Bu baxımdan yeni təqdimat bütövlükdə ölkədə aparılan kadr islahatlarının bir istiqamətidir” Vüqar Bayramov qeyd edib.

please wait

No media source currently available

0:00 0:01:43 0:00

Bundan əlavə deputat deyir ki, Rusiyada rublun məzənnəsindəki qeyri-müəyyənlik nəticə etibarı ilə Azərbaycanda qeyri-neft sektoruna təsirsiz ötüşməyəcək.

“Təbii ki, xüsusən nəzərə alsaq ki, Rusiyadan idxal etdiyimiz məhsulların həcmi kifayət qədər böyükdür. Təbii ki, rublun məzənnəsi fonunda Azərbaycan idxalına da təsir edə bilər. O baxımdan təbii ki, rublun məzənnəsindəki qeyri-müəyyənlik fonunda bizim də təklifimiz ondan ibarətdir ki, rublla sövdələşmələr, eyni zamanda alqı-satqılar və mübadilənin Mərkəzi Bank tərəfindən bəlli alətlər çərçivəsində tənzimləmələri həyata keçirlsin. Çünki nəzərə alsaq ki, sanksiyaların dairəsi genişlənir və bunun da rublun məzənnəsinə təsir edir. Xüsən enerji sektoruna edilən sanksiyalar rublun məzənnəsinin daha kəskin şəkildə ucuzlaşmasına gətirib çıxara bilər. Ona görə də, Mərkəzi Bank tərəfindən də previntiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Çünki reallıq bundan ibarətdir ki, sanksiyalar Rusiya iqtisadiyyatına təsir göstərir və növbəti dövrlərdə bu təsirlərin daha geniş olacağı proqnozlaşdırıldığı üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir,” o qeyd edib.

XS
SM
MD
LG