İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə üç il öncə ölkəyə səfəri zamanı həbs edilən araşdırmaçı-alim Əhmədrza Calalinin edam hökmünün icra olacağını vurğulayıb. Lakin o əlavə edib ki, edam hökmünün icrasının başqa zamana salınması nəzərdən keçirilir.
İSNA xəbər agnentliyinin verdiyi məlumata görə, İran XİN-in sözçüsü Xətibzadə deyib ki, "Calalinin hökmü qətidir və bu, məhkəmə tərəfindən elan edilib. Onlar hökmün başqa vaxtda icra olunmasını istəyiblər və bu, məhkəmə tərəfindən araşdırılır."
İran məhkəməsi Əhməd Rza Calalini İsrailin xeyrinə casusluq ittihamı ilə edam cəzasına məhkum edib və onun İsrailin Mossad adı ilə tanınan kəşfiyyat xidmətinə verdiyi məlumatların iki iranlı nüvə aliminin ölümünə səbəb olduğunu iddia edir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Rza Calalinin İsveçdə hərbi cinayətlər və qəsdən adam öldürmə ittihamı ilə həbs edilmiş Həmid Nuri ilə dəyişdirilməsinin mümkünlüyünü rədd edib.
Yarı rəsmi İSNA xəbər agentliyi mayın 4-də dərc etdiyi xəbərdə məlumatlı mənbələrə istinadən, Əhməd Rza Calalinin edamının yekun olduğunu və mayın 21-dək icra olunacağını bildirmişdi.
Bundan əvvəl İran məhkəmə sisteminin sözçüsü Zəbihollah Xodaiyan mayın 10-da isveçli-İranlı alimin edam hökmünün qəti olduğunu və mayın 21-dək həmin hökmün icra olunacağını bildirmişdi.
Reuters xəbər agentliyinin yayımladığı xəbərə görə, BMT-nin insan haqları ofisinin sözçüsü çərşənbə axşamı Əslən Təbriz şəhərindən olan Əhmədreza Calalinin edamını dayandırmağa çağırıb.
2016-cı ilində Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı həbs edilən İranlı-İsveçli həkim Tehran İnqilab Məhkəməsi tərəfindən 2017-ci ilin sentyabr ayında edama məhkum edilib. Daha sonra Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edildi.
2017-ci ilində İran İslam Respublikası televiziyası onun etiraf videosunu yayaraq, iki iranlı nüvə alimi haqqında Mossad kəşfiyyat agentlərinə məlumat verdiyini iddia etmişdi.
Calali daha sonra məhkəmə prosesi zamanı televiziya proqramında verdiyi etiraflarının etibarsız olduğunu və təzyiq və basqı altında qalaraq belə bir etiraflar verməyə məcbur qaldığını bildirmişdi. Cənab Cəlalinin həyat yoldaşı da mediaya Əhmədrzanın televiziyaya verdiyi etirafların etibarsız olduğunu, bu sözləri oğlunu öldürməklə hədələndikdən sonra dediyini ifadə etmişdi.
Calalinin televiziya proqramındakı etirafı rədd etməsinə baxmayaraq, İran məhkəməsi onu "Mossad-a casusluq" və "yer üzündə fəsad törətmək" ittihamlarından günahlandıraraq ölüm cəzasına məhkum etdi.