Accessibility links

"Tərtər işi" üzrə həbs olunanların qohumları və zərərçəkmişlər aksiya keçirib: "Bu qədər ədalətsizlik olar?"


Mayın 24-də "Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də zərərçəkmişlər Azərbaycan Respublikası Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. Onlar təkrar istintaqın aparılmasından, məhkumlara və işgəncə görmüş hərbçilərə qarşı işgəncə faktlarının araşdırılması prosesindən narazıdırlar.

Aksiya iştirakçıları bildiriblər ki, "Tərtər işi" üzrə istintaqın yenilənməsinə baxmayaraq, sənədlərin saxtalaşdırılmasında, işgəncələrdə və qətllərdə əlaqəli olan məmurların bir çoxu məsuliyyətə cəlb olunmayıb. Onlar bütün cavabdehlərin cəzalandırılmasını tələb ediblər.

Sevinc İsgəndərova
Sevinc İsgəndərova

Sevinc İsgəndərova “Tərtər işi” üzrə zərərçəkmiş və ehtiyatda olan hərbçidir. O, ailəsi və uşaqları ilə təhdid edildiyi üçün uzun müddət baş verənlər haqda susduğunu deyir. Yaşadıqları işgəncələr haqda danışan İsgəndərova, beş polkovnikin onu əllərini bağlı vəziyyətdə dəfələrlə qaldırıb yerə çırpıb, təpiklədiyini deyir:

“Yaş yarımlıq övladımı diz çökdürüb, kürəyinə ayaq qoymuş insanlardır. O uşaq nə qanırdı ki, ona bu travmaları yaşatdılar? Çıxanda bizi hədələyirdilər ki, burada baş verənləri bir yerdə desəniz, sizin başınıza oyun açarıq. Bütün susan hərbçilər buna görə – uşaqlarına, ailələrinə görə susublar”.

Ofelya Qasımova
Ofelya Qasımova

İstintaqın gedişindən narazı olanlardan digəri ömürlük həbs cəzası alan Elşən Qasımovun anası Ofelya Qasımovadır. O, oğlunun işgəncələrə məruz qaldığını gördüyünü deyir: “Hazırda onun ayaqları işləmir, ciyəri, böyrəyi çöküb, qan qusur. Bu qədər ədalətsizlik olar? Onu döyənlər bu gün də həbs edilməyib... Oğlum aprel döyüşündə can qoyub. Bu da təşəkkürləridir – adını “vətən xaini” qoyublar. Mənim balama ömürlük həbs niyə verilib? Nə əsasla?”

“Tərtər işi” ilə bağlı 2017-ci ildə həbs olunan, işgəncə ilə öldürüldüyü iddia olunan hərbçi Elçin Quliyevin anası Validə Mahmudova deyir ki, onun oğlundan işgəncə ilə izahat alınıb və onun əsasında həbs ediblər: “Döyüblər, ağır işgəncələr veriblər. Onlar işgəncələr altında 14 nəfəri öldürüblər. Biz ölüm halının daha çox olduğunu bilirik. Hələlik ortaya çıxanlar, danışanlar bunlardır”.

Validə Mahmudova
Validə Mahmudova

Mahmudova bildirir ki, istintaqın nəticəsi onu qane etmir və o, artıq hər hansı ədalət gözləmir: “Biz 5 ildir süründürülürük, heç bir nəticə yoxdur. Süründürməçilik davam edir, hələ də aldanırıq”.

Etirazçıların nümayəndələri Baş Prokurorluğa dəvət olunub. Prokurorluqdan bildirilib ki, iş araşdırılır, lakin iş materiallarının həcmi böyük olduğuna görə həbs olunanların azad olunması mərhələsinə çata bilməyiblər.

2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.

2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.

Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.

10 nəfər isə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG