Accessibility links

Milli Şura: "Beynəlxalq birliyi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq" 


Mayın 14-də bir qrup fəal tərəfindən Bakıda ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz aksiya zamanı Fəvvarələr Meydanına və ətraf ərazilərə çoxsaylı polis qüvvələri cəmləşdirilib.
Mayın 14-də bir qrup fəal tərəfindən Bakıda ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə qarşı etiraz aksiya zamanı Fəvvarələr Meydanına və ətraf ərazilərə çoxsaylı polis qüvvələri cəmləşdirilib.

Demokratik Qüvvələrin Milli Şurası beynəlxalq ictimaiyyəti insan haqları mövzusunda rəsmi Bakıya münasibətdə daha tələbkar olmağa çağırıb. Milli Şuranın açıqladığı bəyanatda deyilir ki, "dəyişən dünyanın yeni reallıqlarını dərk və qəbul etməsi üçün beynəlxalq birlik Azərbaycan hakimiyyəti ilə daha sərt və açıq danışmalıdır".

"Milli Şura olaraq beynəlxalq birliyi fundamental insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq", bəyanatda deyilir.

Milli Şuranın bəyanatında Azərbaycanda siyasi motivli həbslər və polis zorakılığının yeni dalğası ilə bağlı narahatlıqlar ifadə edilib.

"Təəssüf ki, Azərbaycan hakimiyyəti dünyada baş verənləri anlamır və beynəlxalq çağırışları ciddiyə almır. Hələ də belə hesab edir ki, xalqın azadlıq və demokratiyaya keçid istəyini sona qədər polis zorakılığı və sifarişli həbslərlə boğa biləcək" - deyə, sənəddə qeyd edilir.

Bəyanatda deyilir ki, Azərbaycanda son dövrlərdə ayrı-ayrı ictimai-siyasi xadimlərə, müstəqil media mənsublarına qarşı artan təhdid və zorakılıqlara etiraz olaraq Bakıda mayın 14-də keçirilən ictimai fəalların yürüş-mitinqindən əvvəl və aksiya zamanı fəallardan 30 nəfərə qədəri saxlanılıb.

"Onlar sonradan Bakıdan xeyli uzaq yerlər də daxil olmaqla, müxtəlif ərazilərdə sərbəst buraxıldı. Aksiya istirakçılarına qarşı şiddətli olmasa da, polis zorakılıqları törədildi", bəyanatda deyilir.

Milli Şuranın bəyanatında bildirilir ki, bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov qurama ittihamla həbs edilib.

"Mayın 21-də bəlli olub ki, bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov yenidən həbs edilib. Bu dəfə də onu narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham edərək, barəsində 4 ay (ilkin istintaq dövrü üçün) həbs qətimkan tədbiri seçiblər. İttihamın qurama olduğu şübhə doğurmur. Rəşad Ramazanov həbsdən çıxandan sonra bir müddət muhacir həyatı yaşayıb və bu dövrdə də hakimiyyətə qarşı sərt tənqidlərini davam etdirib. Ona görə də ölkəyə qayıdan kimi təqib altına alınıb və sonunda həbs edilib"- deyə, bəyanatda qeyd olunub.

Milli Şura bəyanatda Müsəlman Birliyi Hərəkatının Razi Hümbətovun məhkəməsi zamanı məhkəmə binası önünə toplaşan hərəkat üzvlərinin saxlanılmasına toxunub. Razi Hümbətov mayın 20-də məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bəyanatda Razi Hümbətovun Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə həbs edildiyini bildirilib.

"Razi Hümbəyov da narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurdu. Halbuki o, ictimaiyyət arasında məhz narkomaniya ilə mübarizəsinə görə tanınıb. O da hakimiyyətə tənqidi münasibətinə və ictimai fəaliyyətinə, xüsusən də, MBH üzvü olduğuna görə şərlənərək həbs edilib" - sənəddə bildirilir.

Demokratik Qüvvələrin Milli Şurası AXCP üzvü Ceyhun Rzayevin həbs təhlükəsi ilə üz-üzə qaldığı ilə bağlı narahatlığını ifadə edib.

"Mayın 14-də Bakıdakı aksiyaya dəstək məqsədilə Mingəçevirdə "Kriminal dövlət istəmirik!" şüarı qaldıraraq, təkbaşına aksiya keçirmiş AXCP fəalı Ceyhun Rzayev mayın 17-də polislər tərəfindən bir neçə saatlığa saxlanılıb. Bu müddətdə DİN-in sözçüsü mediaya açıqlama verib ki, Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Bu isə narahatlığa əsas verir ki, Ceyhun Rzayev hazırda sərbəst olsa da, hər an narkotik ittihamı ilə şərlənərək həbs edilə bilər".

Bəyanatda AXCP Ali Məclisinin üzvü Orxan Cahangirovun Bakıdakı 14 may aksiyasından sonra həbs olunmaq təhlükəsi, mayın 19-da Almaniyadan Azərbaycana qaytarılan mühacir fəal Ziya İbrahimlinin Bakı hava limanında saxlanılması, həmçinin Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin yenidən xüsusi ittiham qaydası ilə məhkəməyə verilməsi kimi məsələlərə toxunulub.

Öz növbəsində, rəsmi Bakı ölkədə bütün fundamental azadlıqların tam təmin edildiyini, insanların siyasi baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hakimiyyəti ölkədə insanların qanun qarşısında bərabər olduğunu, söz, mətbuat, birləşmək, toplaşmaq azadlıqlarının tam təmin edildiyini, dini tolerantlığın hökm südüyünü bəyan edir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG