Accessibility links

Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb


Əlirza Fərşi
Əlirza Fərşi

İran Azərbaycanının Mərənd şəhərindən olan türk dil haqları fəalı Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb.

Bu barədə azərbaycanlı fəal İnstagram səhifəsində məlumat paylaşıb.

Əlirza Fərşinin öz şəxsi İnstagram hesabında paylaşdığı məlumata görə, 2014-cü və 2020-ci illərdə ona qarşı qaldırılan iddialarla bağlı məhkəmə dosyeləri birləşdirilib Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36-ci şöbəsinə sövq ediləcək.

Məhkəmə prosedurunun və habelə sol gözünə əməliyyat ilə əlaqədar müalicənin tamamlanması üçün məzuniyyət müddəti iyunun 21-ə dək uzadılıb.

Əlirza Fərşi Tehranın 33 saylı İnqilab Məhkəməsinə ünvanladığı məktubda əməliyyat keçirdiyi gözünün müalicəsinin tamamlanması üçün məzuniyyət müddətinin uzadılmasını istəyib.

Hal-hazırda türk dil haqları fəalı Mərənd şəhərində məzuniyyət müddətini elektron qandal taxaraq keçirir.

Əlirza Fərşi 2014-cu ilin fevral ayında Tehranda Beynəlxalq Ana Dili Günü münasibətilə əlaqədar tədbirdə iştirak etdiyi üçün həbs edilərək ilkin məhkəmə tərəfindən 15 il həbs cəzasına məhkum edilmişdi. Apellyasiya Məhkəməsi 2020-ci ildə Fərşinin həbs cəzasını 2 ilə endirib.

2020-ci ilin yanvar ayında Tehranda iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Əlirza Fərşi bu dəfə “sistemə qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları əsasında günahkar tanınaraq 4 il 2 ay həbsə məhkum edilmişdi.

Milli fəala həbs cəzası əvvəlki işlə bağlı Böyük Tehran həbsxanasında cəza çəkdiyi vaxt verilib.

İran hökuməti türk dil haqları müdafiəçisi Əlirza Fərşini İranda azlıqların hüquqları, o cümlədən ana dilində təhsil haqqını tələb etdiyi üçün dəfələrlə uzunmüddətli həbs cəzası ilə hədəfə alıb.

XS
SM
MD
LG