Accessibility links

Vaşinqton Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına yardım təklif edib


ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və demarkasiyasına yardım etmək təklifini təkrar edib.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon söhbəti ilə bağlı açıqlamasında bildirilib.

ABŞ Dövlət Departamentinin mayın 24-də yaydığı məlumata görə, söhbət zamanı onlar Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində müsbət dinamikanı müzakirə ediblər.

Məlumatda deyilir ki, Dövlət katibi Blinken "sərhədlərin delimitasiyasına və demarkasiyasına ABŞ-ın yardımını təklif edib və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyiş əldə etməyə çağırıb".

Blinken həmçinin Cənubi Qafqazda problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın prezident Əliyev və baş nazir Paşinyan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəklədiyini təsdiq edib.

Dövlət katibi Blinken ABŞ-ın "ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanın və Azərbaycanın uzunmüddətli hərtərəfli sülh əldə etməsinə kömək etməyə hazır olduğunu təsdiq edib" - deyə, Dövlət Departamentinin məlumatında bildirilir.

Məlumata görə, Blinken regionda və ümumilikdə sülhü, sabitliyi və tərəqqini təmin etmək üçün Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının əhəmiyyətini qeyd edib.

Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və onların kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləməsi kimi məsələlər müzakirə edilib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib.

Şarl Mişel qeyd edib ki, bu, onların bu formatda üçüncü müzakirələri olub.

"Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq" - deyə, o bildirib.

Bu formatda bundan əvvəl aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

Bununla yanaşı, Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə rəsmisi Jozep Borrel öz Twitter hesabında qeyd edib ki, Brüssel Cənubi Qafqazda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərini davam etdirib.

"Ermənistan və Azərbaycan liderlərinin Aİ Şurası sədrinin vasitəçiliyi ilə üçtərəfli görüşünü alqışlayırıq. Davamlı sülhə doğru irəliləyişə təkan verəcək konkret addımlar görməyə ümid edirik. Avropa İttifaqı regionda barışıq və sülhün bərpası üçün aktiv fəaliyyətini davam etdirir", Borrel Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG