Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublikanın bəzi şəhər və rayonlarında torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin vəzifəli şəxsləri məsuliyyətə cəlb edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, aparılan cinayət işi üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Nazim Səfərov, Ucar ərazi şöbəsinin rəisi Amil Aslanov, Qazax rayonu Daşsalahlı bələdiyyəsinin sədri Asif Yusifov, Şəki rayon Qoxmuq bələdiyyəsinin sədri Etibar Eyvazov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevin daha əvvəl iş üzrə cəlb edilmiş təqsirləndirilən şəxslərlə birlikdə cinayətkar fəaliyyətdə iştirak etmələri müəyyən edilib.
"Qeyd edilən şəxslərin 2020-2022-ci illər ərzində torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib" , rəsmi məlumatda deyilir.
Baş Proluroluq bildirir ki, istintaq zamanı toplanmış sübutlarla yuxarıda adları qeyd edilən şəxslərə (cəmi 10 təqsirləndirilən şəxsə) Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbs, ev dustaqlığı və digər qət-imkan tədbirləri seçilib.
Azərbaycanda son zamanlar bir sıra yüksək vəzifəli şəxs rüşvət və korrupsiya ittihamları ilə həbs edilib. Prezident İlham Əliyev bu il sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına icra hakimiyyəti başçılarının təyinatı zamanı korrupsiyaya uğramış məmurlara qarşı münasibətin daha sərt olacağını bir daha bəyan edib.
Hüquq müdafiəçiləri, ekspertlər hesab edir ki, korrupsiyaya qarşı mübarizə "kosmetik" xarakter daşıyır.
İdarəçilik üzrə ekspert Bəxtiyar Hacıyevin qənaətincə, ölkədə korrupsiyanı yaradan əsas səbəb siyasi iradədir.
Onun firkincə, korrupsiyaya qarşı sistemli mübarizə aparılmalıdır. Bu olmasa korrupsiyanın səviyyəsi azalmayacaq.
Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsinə baxmayaraq, hələ də vəzifəli şəxslərin gəlir bəyannaməsi işlək deyil.
"Biz dövlət başçısından tutmuş, universitet rektorlarına qədər vəzifəli şəxslərin maliyyə vəziyyətləri, iqtisadi durumları barədə əslində cəmiyyət olaraq məlumatlı olmalıyıq. Amma bu illər ərzində baxmayaraq, qanun qəbul edilib, qanunda göstəriş var, hökümət siyasi iradə ortaya qoyub gəlir bəyannaməsini cəmiyyətə təqdim etməkdən yayınır. Bu da nəyi təsdiq edir. Bu onu təsdiq edir ki, Azərbaycan hakimiyyəti sadəcə gözdən pərdə asmaq üçün ayrı-ayrı epizodlarda vəzifəli şəxslər barədə korrupsiya yürürşləri həyata keçirir" , o bildirib.
Ekspertlər vəziyyətdən çıxış üçün vətəndaşların fəallığının artırılmasını, siyasi partiyaların mübarizədə fəal olmasını, vətəndaşların dövlət büdcəsinə özlərininki kimi baxmasını vacib sayır.
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev yanvarın 24-də keçirilən kollegiya iclasında bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2021-ci ildə 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanmaqla 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.
"Hesabat dövründə cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə Baş idarə tərəfindən istintaqı başa çatdırılmış cinayət işləri üzrə 39 milyon 285 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, həmçinin cinayət qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslər tərəfindən dövlət büdcəsinə 2 milyon 195 min manat ödənilməklə 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub" , Kamran Əliyev qeyd edib.
Azərbaycanın Baş Prokuroluğu Amerikanın Səsinin korrupsiyaya qarşı mübarizə ilə bağlı suallarının cavabında bu günlərdə bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə bu sahədə mövcüd olan güclü siyasi iradəyə uyğun olaraq bütün istiqamətlərdə aparılır.
Bununla yanaşı, 2021-ci ildə beynəlxalq jurnalist araşdırmalarında Azərbaycanın yüksək vəzifəlıi şəxslərinin xarici ölkələrdə dəyəri yüz minlərlə dollar hesablanan əmlakları barədə məlumatlar dərc edilib. Azərbaycan müxalifəti bu məlumatların araşdırılıb hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına müraciət etsə də, hələ ictimaiyyətə araşdırılmaların aparılıb-aparılmaması barədə məlumat verilməyib.
Belə ki, yalnız Pandora Sənədlərində Azərbaycan iqtidarının və onların ortaqlarının son 15 ildə Britaniyada 544 milyon dollar dəyərində əmlak əldə etdiyi iddia olunur.
Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatı yanvarın 25-də 2021-ci il üçün illik hesabtını dərc edib. Hesabatda 180 ölkənin dövlət sektorunda əhali tərəfindən korrupsiyanın dərk edilməsi səviyyəsi təqdim edilib.
Azərbaycan korrupsiya indeksində digər yeddi ölkə ilə birlikdə 128-ci yeri qoruyub saxlayıb (30 bal).
Ölkənin adı Avropada siyasətçilərin ələ alınması, habelə ali rəhbərliyin vəsaitlərinin yuyulması ilə bağlı bir neçə korrupsiya qalmaqalında yer alıb.