Accessibility links

Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunu müzakirə edir


Avropa Şurası Nazirlər Komitəsi iyunun 8-də Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunun müzakirəsinə başlayıb.

Bu barədə hüquqşünas Xalid Ağalıyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, gündəlikdə iki qrup iş var - Xədicə İsmayıl və Anar Məmmədli Qrupları.

Beləki bu qruplarda Azərbaycanla bağlı 8 qərarın icrası nəzarət altındadır.

Xalid Ağalıyev deyib ki, 3 gün davam edəcək toplantının yekununda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.

İcra durumu müzakirə ediləcək qərarlar barədə Azərbaycandan başqa Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Hollandiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya və Türkiyə də var.

"Xədicə İsmayıl Qrupu çərçivəsində AİHM-in İsmayılın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi həyatla bağlı görüntülərin yayılması) ilə bağlıdır. Toplantıdan əvvəl Azərbaycan hökuməti qərarların icra durumu ilə bağlı təqdimatında Avropa Şurası Nazirlər Komitəsinə bildirib ki, ərizəçiyə qarşı cinayətə yol verənlərin mühakimə edilməsi məqsədilə hökumət zəruri tədbirləri görüb – Baş Prokurorluq İsmayılın şikayəti əsasında 15 mart 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə cinayət işi başlayıb, şəxsi görüntüləri yayanların müəyyən olunması məqsədilə mümkün olan addımlar atılıb. Çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin şəxsləri müəyyənləşdirmək mümkün olmadığından, 17 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılıb," Ağalıyev deyib.

Ekspert deyib ki, hökumət ərizəçiyə qərarlarda müəyyən edilmiş təzminat məbləğlərinin faizləri də hesablanmaqla ödənildiyini bildirib.

Bundan əlavə Ağalıyev qeyd edib ki, qrupa daxil olan qərarlarda üzə çıxarılan ümumi problemlərin həlli ilə bağlı hökumət qeyd edir ki, jurnalistlərin şəxsi və ailə həyatlarının müdafiəsi və onların ifadə azadlığı hüquqlarını sərbəst həyata keçirə bilmələri məqsədilə zəruri addımlar atılıb.

"Hökumətin təqdimatında "Media haqqında" qanunun qəbul edilməsindən geniş bəhs edilir, bu qanunun jurnalist azadlığından yararlanmaq üçün geniş imkanlar açdığı ifadə edilir. Hökumət təqdimatında yazır:

"Media haqqında qanun dövlətin söz və mətbuat azadlığı sahəsində yeni hədəflərinin müəyyənləşdirilməsinə, onun iqtisadi bazasının, kadr potensialının və peşəkarlığının artırılmasına, medianın müstəqilliyinin qorunmasına xidmət edir. Qanunun məqsədi daxili informasiya məkanının təhlükəsizliyini təmin etmək və ictimaiyyətə obyektiv və peşəkar şəkildə xidmət etmək üçün medianın fəaliyyətini stimullaşdırmaqla yerli KİV-in inkişafını stimullaşdırmaq və informasiya mühitinin rəqabət qabiliyyətini artırmaqdan ibarətdir. Qanuna daxil edilmiş mütərəqqi müddəalar sayəsində ölkə mətbuatında şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinin əsaslarının təmin edilməsi, ictimaiyyətlə media arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi nəzərdə tutulur," o, vurğulayıb.

Bundan əlavə o bildirib ki, AŞNK-nın müzakirə edəcəyi Məmmədli işi qrupunda isə AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir.

Onun sözlərinə görə, Anar Məmmədli, İntiqam Əliyev, Əzizov və Novruzlu, İbrahimov və Məmmədov, Xədicə İsmayıl (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

"Hökumət bu qrup işinin icra durumu ilə bağlı təqdimatında qeyd edir ki, Məmmədli qrupuna daxil olan qərarlar Azərbaycan Ali Məhkəməsinin nəzarəti altındadır. Ali Məhkəmənin Plenumunun həmin qərarlara nə vaxt baxacağı hələ bəlli deyil. Hökumət İbrahimov və Məmmədov Azərbaycana qarşı işi üzrə ərizəçilər istisna olmaqla, bütün ərizəçilərin məhkumluğunun artıq götürüldüyünü və yerdə qalan ərizəçilərlə bağlı məhkum edilmələrinin heç bir mənfi hüquqi nəticəsinin qalmadığını vurğulayıb. Təqdimata görə, bütün ərizəçilərə təzminatlar ödənilib," o bildirib.

AŞNK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Avropa Şurası Nazirlər Komitəsinin son bilgilərinə görə, indiyə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı 300-dən artıq qərarının icrası nəzarətə götürülüb. Həmin qərarlardan 44-nün icrasına nəzarət qapadılıb. 265 qərarın icrasına nəzarət davam etdirilir.

Azərbaycan hakimiyyəti Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına hələ münasibət bildirməyib. Amma bir qayda olaraq, kompensasiyaların ödənildiyini deyirlər.

Amerikanın Səsinin ölkənin rəsmilərindən bununla bağlı şərh almaq cəhdi baş tutmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG