Accessibility links

9 gündür aclıq edən Tale Bağırzadə ilə ailəsi əlaqə saxlaya bilmir


Tale Bağırov
Tale Bağırov

Qobustan qapalı həbsxanasında aclıq aksiyasına başlayan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 9 gündür aclığı davam etdirir. Hazırda Tale Bağırzadəyə dəstək məqsədi ilə həbsdə olan daha 11 nəfər aclıq edir.

Bu barədə Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

Leyla İsmayılzadənin sözlərinə görə, ailəsinin Tale Bağırzadənin səhəti ilə bağlı məlumatı yoxdur.

“Həftənin 3-cü günündən, yəni iyunun 8-dən sonra Tale Bağırzadə ilə əlaqəmiz yoxdur. O evə zəng etmir. Yalnız iyunun 8-də vəkil Bəhruz Bayramov onunla görüşə bilib,” o qeyd edib.

Leyla İsmayılzadə: Tale Bağırzadənin səhhətindən narahatıq
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Vəkil Bəhruz Bayramov görüşdən sonra Bağırzadənin ictimaiyyətə açıqlamasını çatdırıb.

“Sonadək aksiyanı davam etdirəcəm. Əqidədaşlarıma işgəncə tətbiq edən, Allahı və İslam müqəddəslərini təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmasa, aksiyanı dayandırmayacağam. Mən azadlığımı tələb etmirəm, vəkil Bağırzadəyə istinadən qeyd edib.

19 il həbsə məhkum edilən Tale Bağırzadə iyunun 3-də aclığa başlayıb. O, inanclı insanların məhkəməsini izləməyə gəlmiş şəxslərin tutularaq işgəncəyə məruz qalmasına etiraz edir və həmin şəxslərə işgəncə zamanı Allahı təhqir edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzr istəməsini tələb edir.

Müsəlman Birliyi Hərəkatının bu gün, iyunun 12-də yaydığı bəyanatda deyilir ki, inancın təhqirinə yol verən polis işçilərinin cəzalanma tələbi ilə Bağırzadənin başladığı aksiyaya neçə-neçə siyasi və məhbəs həyatı yaşayan digər şəxslər də qoşulub.

“Təəssüf ki, rəsmi dövlət orqanları inanca yönəli bu addımların günahkarlarını cəzalandırmaq əvəzinə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışır. Aclıq edənlərin durumunda narahatlıq isə hər ötən saat yüksələn xətt üzərində artır. Buna nümunə olaraq aksiya iştirakçısı Cabbar Cabbarovun vəziyyətinin ağırlaşmasını misal göstərmək olar. Qan qusan siyası məhbus hal-hazırda Pentesiar Xidmətin Müalicə Mərkəzinə yerləşdirilib. Biz birlikdə bu məsələnin hüquqi həllini tapmasaq, digər şəxslər də eyni qorxunc nəticə ilə üzləşə bilər. Buna görə də sizlərə müraciət edib dəyirmi masa arxasında mövcud hadisənin həlli yollarını çözməyi təklif edirik,” sənəddə qeyd edilir.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə Cabbar Cabbarovun aclıq etməsi barədə xəbərləri təkzib ediblər.

"Cabbar Cabbarov hazırda müalicə müəssisəsində müalicəsini davam etdirir," mərkəzin əməkdaşı qeyd edib.

Bununla yanaşı, digər aclıq etdiyi deyilən şəxlərlə bağlı məlumat almaq mümkün olmayıb.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Bu zaman məhkəməni izləməyə gələn beş nəfər inanclı insan salxanılıb. Saxlanılan şəxslər Müsəlman Birliyi Hərəkatının üzvləri İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib.

Müsəlman Birliyi Hərəkatının sərbəst buraxılan digər iki üzvündən biri Mail Kərimov deyib ki, onu məhkəmənin qarşısında saxlayıb, əvvəlcə 22-ci polis bölməsinə (Bakının Nəsimi rayon Polis İdarəsinin bölməsi-red), sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Kərimov həm yolda, həm də idarədə işgəncələrə məruz qaldığını bildirib.

"Dedilər ki, əgər məhkəmələrdə yenə iştirak etsən zorlanacaqsan. Təcavüzə uğramamaq üçün kameranın önündə məhkəməyə getməyəcəyimə dair söz verdim" - deyə, o, mayın 23-də mətbuat konfransında bildirib.

Müsəlman Birliyi Hərəkatının digər üzvü Süleyman Ələkbərov da saxlanıldıqdan sonra 22-ci polis bölməsinə aparıldığnıı və daha sonra işgəncəyə məruz qaldığını bildirib.

"Məni bölmədən başıma qara torba keçirib çıxardılar, əllərimi arxadan bağlamışdılar. İdarədə mənə məhkəmədə iştirak etməməyimi dedilər. Məni yerə yıxıb, başımı təpikləməyə başladılar. Belimin üstünə çıxıb, hoppanıb düşürdülər. Daha sonra əllərini torbanın içinə salıb saqqalımı yolurdular. Ən pis söyüşlərlə söyürdülər, Allahı da söyürdülər" , o, mətbuat konfransında bildirib.

Daxili İşlər Nazirliyi Müsəlman Birliyi Hərəkatının üzvlərinin işgəncəyə məruz qalması ilə bağlı iddialarını əsassız və yalan olduğunu bildirib.

"Bir qrup şəxs həmin gün zərurət olmadan məhkəmənin önündə toplaşaraq səs-küy salıb, nəqliyyatın və piyadaların hərəkətinə ciddi maneələr yaradıb. Polis əməkdaşları yaxınlaşıb onlardan dağılışmağı və ərazini tərk etməyi tələb edib. Mail Kərimovla Süleyman Ələkbərov polisin qanuni tələblərinə riayət etməyərək asayişin pozulmasına yönələn hərəkətlərini davam etdiriblər" , Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.

Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırzadənin təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunublar. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət və başqa maddələri ilə günahlı bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG