Accessibility links

Həbsdə olan bloger psixiatriya xəstəxanasında yoxlamaya aparılıb


Rəşad Ramazanov
Rəşad Ramazanov

İyunun 13-də bloger Rəşad Ramazanov Kürdəxanı İstintaq Təcridxanasından Respublika Psixiatriya Xəstəxanasına yoxlamaya aparılıb.

Bu barədə Amerikanın Səsinə onun ailəsindən bildiriblər.

"Ramazanov narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur və belə bir müayinə məqbuldur," onun vəkili bildirib.

Bundan öncə Ramazanov həbs olunduqdan sonra işgəncələrə məruz qalmasından şikayətlənib və onun şikayəti əsasında həkimlə birlikdə prokurorluğun nümayəndəsi blogerə baş çəkib. Lakin araşdırmanın nəticələri məlum deyil.

Rəşad Ramazanov mayın 20-də saxlanılıb. Növbəti gün məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. İttiham sübut olunarsa blogeri 5 ildən 12 ilədək həbs gözləyir.

Bundan əvvəl Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Yerli hüquq-müdafiə təşkilatları bildiriblər ki, həbsin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyətin tənqid edilməsidir. Onlar Ramazanovu siyasi məhbus kimi tanıyıblar.

2019-cu ilin martında Rəşad Ramazanov prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.

XS
SM
MD
LG