Avropa Şurası Venesiya Komissiyasının iyunun 17-18 –də keçiriləcək 131-ci plenar iclasında “Media haqqında” qanunu müzakirə ediləcək.
Bu barədə Venesiya Komissiyasının saytında qeyd edilib.
Məlumata görə, komissiya xanım Çaabane, xanım Thorgeirsdottir, xanım Rozgonyi və cənab Vermeulendən ibarət ekspert qrupu ötən il "Media haqqında" yeni qanunun Avropa Şurası standartlarına uyğunluğunu araşdırıb və qanunla bağlı rəy hazırlayıb.
“Toplantıda həmin rəy müzakirə edilib, qəbul olunacaq. Belə bir rəyin hazırlanmasını fevralın 2-də AŞPA Monitorinq Komitəsinin rəhbəri tələb etmişdi“ - deyə, məlumatda deyilir.
Mediaya qapalı sessiyada qəbul edilən qərarlar iyunun 20-də açıqlanacaq.
Media hüququ üzrə ekspertlər yeni qanunun Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə və standartlara cavab vermədiyini deyirlər.
Media hüquqları üzrə hüquqşünas Xalid Ağalıyev Amerikanın Səsinə bildirib ki, sözügedən qanun layihəsi media azadlığına imkanlar açan yox, onu daha da məhdudlaşdıran, medianı daha rahat nəzarət etməyə geniş fürsətlər verən məzmundadır.
“Belə məzmun nə Konstitusiyamıza, nə demokratik ölkə quruculuğu planlamalarına, nə də ölkəmizin ifadə, media azadlığı kontekstindəki öhdəliklərinə uyğundur. Odur ki, komissiyanın rəyinin məzmununun da tənqidi olacağı gözləniləndir” - deyə, o bildirib.
Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.
Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.