Accessibility links

RATİ hüquq müdafiəçisinin azadlığa buraxılmasını tələb edir


Hüquq müdafiəçisi İlham Təhməzov (İlham Aslanoğlu)
Hüquq müdafiəçisi İlham Təhməzov (İlham Aslanoğlu)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hüquq müdafiəçisi İlham Təhməzovun (İlham Aslanoğlu) diffamasiya ittihamı ilə həbsini qınayır və onun dərhal azadlığa buraxılmasını tələb edir.

2022-ci il iyunun 9-da Yevlax Rayon Məhkəməsi (Bakıdan 295 kilometr qərb) İlham Təhməzovu Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edib.

“Cinayət təqibinə səbəb hüquq müdafiəçisinin “AzerFreedom” YouTube kanalına müsahibəsi zamanı 2017-ci ildə “Tərtər işi” çərçivəsində baş verən kütləvi işgəncələrlə bağlı səsləndirdiyi açıqlamalar olub, o zaman Ermənistanın xeyrinə casusluqda ittiham edilən 200-dən çox hərbçi və mülki şəxs işgəncələrə məruz qalıb, onlardan 11 nəfəri işgəncələrdən ölüb,” bəyanatda bildirilir.

RATİ-nin bəyanatında deyilir ki, Təhməzov bundan əvvəl də təzyiqə məruz qalıb və 2019-cu ildə şikayət əsasında Vəkillər Kollegiyasından xaric edilib.

“Bu ilin yanvar ayında o qondarma böhtan ittihamı ilə məhkum edilib. Son iki ilin monitorinqi göstərir ki, Azərbaycan hakimiyyəti həm jurnalistlərə, hüquq müdafiəçilərinə, həm də müxalif siyasi xadimlərə qarşı diffamasiya ilə bağlı qısamüddətli həbslər taktikasından istifadə etməyə başlayıb,” RATİ-nin bəyanatında bildirilir.

“Bu təqibin digər bir nümunəsi kimi “Osmanqızı TV” YouTube kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə bu ilin əvvəlindən iki dəfə diffamasiya maddələri ilə həbs edilən müxalif siyasətçi Əli Əliyevi göstərmək olar. Həbsinin sonuncu ayında altı ayda üçüncü dəfə Əli Əliyevə qarşı yeni diffamasiya iddiası qaldırılıb,” bəyanatda qeyd edilir.

Sənəddə həmçinin deyilir ki, “Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan hakimiyyəti dəfələrlə diffamasiyanı dekriminallaşdırmağı vəd verib, lakin tənqidçilərin diffamasiya xarakterli maddələrlə təqib olunması ilə bağlı çoxsaylı faktlar ölkəni getdikcə Avropa Şurasının standartlarından uzaqlaşdırır”.

“RATİ Azərbaycan hakimiyyətini ölkədə jurnalistlərin və hüquq müdafiəçilərinin peşəkar fəaliyyəti üçün təhlükəsiz mühiti təmin etməyə və zəmanət verməyə, tənqidçilərə qarşı siyasi motivli təqibləri dayandırmağa, bütün vicdan məhbuslarını dərhal azadlığa buraxmağa və pozulmuş hüquqlarını tam bərpa etməyə çağırır,” RATİ-nin bəyanatında qeyd edilir.

İyunun 9-da Yevlax rayon Məhkəməsi hakim Toğrul Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hüquq müdafiəçisi İlham Təhməzovu 6 ay həbsə məhkum edib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ittiham olunub.

İlham Təhməzov “Tərtər işi” üzrə hərbçilərə və mülki şəxslərə qarşı işgəncə faktlarını fəal şəkildə ictimailəşdirməklə tanınıb.

O, Yeganə Ələkbərova adlı şəxsin aprelin 22-də xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında həbs edilib.

Bundan öncə, bu ilin yanvarın 28-də Yevlax rayon Məhkəməsi Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddə ilə İlham Təhməzovu təqsirli bilib və beş ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Fəal məhkəmə zalında həbs edilib.

Bundan sonra martın 5-də Şəki Apellyasiya Məhkəməsi İlham Təhməzovun böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını ləğv edib və həbsdən azad edib. O, həbsdən buraxıldıqdan sonra da “Tərtər işi” ilə bağlı tənqidi çıxışlarını davam etdirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG