Accessibility links

"Tərtər işi" üzrə həbs olunanların yaxınları, həmçinin zərərçəkmişlər etiraz aksiyası keçiriblər


"Tərtər işi" üzrə həbs olunanların yaxınları, həmçinin zərərçəkmişlər etiraz aksiyası keçiriblər
please wait

No media source currently available

0:00 0:04:04 0:00

İyunun 16-da "Tərtər işi" üzrə həbs olunanların yaxınları, həmçinin zərərçəkmişlər Azərbaycan Respublikası Baş Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər. Onlar yeni başlayan istintaqın gedişatından narazıdırlar.

Aksiya zamanı "İstefa" şüarı səsləndirən iştirakçıların tələbi cavabdehlərin cəzalandırılması və hərbi prokuror Xanlar Vəliyevin vəzifədən azad edilməsidir.

Həbsdə olan hərbiçi Emin Əliyevin atası Nasir Əliyev yeni istintaqın başlanmasının Xanlar Vəliyevin vəzifəsinin düzgün icra etməməsinin nəticəsi olduğunu düşünür:

"Məqsədimiz odur ki, Xanlar Vəliyevin istefasını tələb edək. Çünki əli yüzlərlə, minlərlə Azərbaycan əsgərinin qanına bulaşmışdır. Bu səbəbdən Xanlar Vəliyevin istefası tələb olunur. O, istefa verməyənə qədər Azərbaycanda ədalətli məhkəmədən söhbət gedə bilməz. Çünki onun tərəfindən müəyyən qurumlara təzyiqlər olunur. Buna görə də, onun istefası labüddür".

Etirazçılar bildiriblər ki, "Tərtər işi" üzrə istintaqın yenilənməsinə baxmayaraq, sənədlərin saxtalaşdırılmasında, işgəncələrdə və qətllərlə əlaqəli olan məmurların bir çoxu məsuliyyətə cəlb olunmayıb.

Sevinc İsgəndərova ehtiyatda olan hərbçidir. O, özünün və yoldaşının "Tərtər işi" üzrə zərərçəkənlərdən olduğunu deyir. Aksiya iştirakçısı ailəsi ilə birlikdə onlara edilən işgəncələr haqqında danışıb:

"Mənim yoldaşım hələ də koma vəziyyətindədir. Nədir bizim günahımız? Bizə, övladlarımıza nəyə görə işgəncə verirdilər? Vətən xainliyi varsa üzə çıxartsınlar. Sübutla ortaya qoysunlar. Mən hərbi qulluqçuyam. Bu dövlətə xidmətdən başqa heç nə etməmişəm. Nəyə görə mən əl-qolum bağlı 5 polkovnik tərəfindən işgəncə görürdüm? Mənim 1 yaşlı övladım canilərin zülmünə məruz qalıb. Neyləmişdik biz? Bu qatil yuvası ləğv olunmalıdır. Buranın yüzlərlə, minlərlə hərbçinin qətliamında əli var. Biz Azərbaycanda saxta nazirlik, şərəfsizlik, qatil yuvası istəmirik".

"Tərtər işi" üzrə zərərçəkmişlərdən olan Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva artıq gözləməkdən yorulduğunu deyir:

"Mən iki oğul böyüdürəm. Nə vaxta qədər balalarımın qarşısında cavabsız qalım? 5 ildir artıq. 4 il sonra mənim oğlum əsgər aparılacaq. Hansı orduya? Kimə etibar edib, kimə güvənərək yatacam ki, balam orduya xidmət edir? Orduya yox, qatillər xidmət edəcək, qatillərin əllərinin altında kölə olacaq? Aralarına etdikləri bəs deyil, indi də balalarının başına gətirsinlər? Bu, kökündən təmizlənməlidir. Bizim başımıza gələn bu hadisə kökündən təmizlənməyibsə, deməli, Azərbaycanda qanun-qayda yoxdur".

Aksiya zamanı "Tərtər işi" ilə bağlı 2017-ci ildə həbs olunan, işgəncə ilə öldürüldüyü iddia olunan hərbçi Elçin Quliyevin anası Validə Mahmudova Xanlar Vəliyevə ünvanlanmış bəyanat səsləndirib:

"Prezident İlham Əliyevin göstərişi ilə 16 dekabr, 2021-ci ildə həmin işin istintaqı yenilənib və 1000-dən çox zərərçəkmiş, şahid dindirilib. İstintaq zamanı öldürülənlərə, eləcə də sağ qalan başqa zərərçəkənlərə hərbi prokurorluğun inzibati binasında işgəncələr verilmiş və bütün bunlara şəxsən sizin və müavininiz Şəfaət İmranovun rəhbərliyi ilə baş verib. Buna görə də, həmin iş üzrə yenilənmiş istintaqın obyektiv gedişinin təmin edilməsi üçün biz sizi istefa verməyə dəvət edirik".

Bəyanatın səsləndirildikdən sonra Hərbi Prokurorluğun əməkdaşı aksiya iştirakçılarından ərizələri toplayıb. Amerikanın Səsinin müxbiri prokurorluğun əməkdaşından münasibət yörənmək istəsə də, cəhd baş tutmayıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dəftərxanasından aksiya ilə bağlı açıqlama almaq mümkün olmayıb.

Aksiya zamanı polis müdaxiləsi olmayıb. Polislərin müşayiəti ilə iştirakçılar ərazidən uzaqlaşdırılıb.

2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən "Tərtər işi" üzrə istintaq yenidən başlayıb.

Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.

10 nəfər isə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG