Accessibility links

Venesiya Komissiyası: “​Media haqqında” qanunun bir sıra maddələri ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun deyil


Jurnalistlər "Media haqqında" qanun layihəsinə etiraz olaraq aksiya keçirib (arxiv foto)

Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyi açıqlanıb.

“​Belə qənaətə gəldik ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir,Venesiya Komissiyasının açıqladığı sənəddə bildirilir.

Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib.

Komissiya “Media haqqında” qanunla bağlı təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır.

- Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;

- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;

- akkreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;

- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;

- jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;

- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;

- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;

Venesiya Komissiyası qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Komissiya qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır.

Media hüquqları üzrə hüquqşünas Xalid Ağalıyev Amerikanın Səsinə bildirib ki, sözügedən qanun layihəsi media azadlığına imkanlar açan yox, onu daha da məhdudlaşdıran, medianı daha rahat nəzarət etməyə geniş fürsətlər verən məzmundadır.

“Bu nəticə bizim üçün gözlənilməz deyil. Hələ ötən ilin dekabrında, Media qanunu layihəsi açıqlananda onunla bağlı bizim rəyimiz vardı, layihənin Azərbaycan Konstitusiyasına, eləcə də ölkəmizin Avropa Şurası və digər beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə uyğun olmadığını vurğulamışdıq. Bildirmişdik ki, bu qanun ifadə, media azadlığına xidmət etmir, onun imkanlarının daha da məhdudlaşdırlmasına, medianın tabe etdirilməsinə hədəflənib. Venesiya Komissiyası bunu Avropa Şurası standartlarının işığında daha detallı şərh edib. Venesiya Komissiyası Avropa Şurasının nüfuzlu qurumu olaraq, üzv ölkələrin qanunlarının Avropa Şurası ölçülərinə uyğunluğunu yoxlayır” - deyə Xalid Ağalıyev qeyd edib.

Ekspert hesab edir ki, öhdəliklərə “​hörmət prizmasından baxanda, komissiyanın gəldiyi nəticələri üzv ölkələr nəzərə almalı, müəyyən edilmiş çatımazlıqları aradan qaldırmalıdılar”.

“Bu qanun yaxşı qanun deyil, bizim gözləntimiz budur ki, hökumət məsələyə yenidən qayıdacaq və daha yaxşı qanun qəbul edəcək” - deyə o, bildirib.

“Media haqqında” yeni qanun haqqında

Ötən ilin dekabrın 30-da Azərbaycan parlamenti “Media haqqında” yeni qanunu qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin fevralında yeni media qanununu imzalayıb.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Ancaq Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Rəsmi qurumlar ölkədə media azadlığının tam təmin edildiyini, plüralizm üçün hər cür şəraitin yaradıldığını bildirir.

Azərbaycan Media İnkişaf Agentliyindən “Media haqqında” yeni qanunla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verilməyib.

Lakin Azərbaycan Media İnkişaf Agentliyinin müdiri Natiq Məmmədli özünün Facebook səhifəsində “Media qanunu”: Hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?” başlığl ilə şərhində bildirib ki, qanun “​sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır”.

“Media qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır​”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG