Accessibility links

"Müdafiə Xətti" iyulun 1-də etiraz aksiyası keçirəcək


"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı iyulun 1-də Məhkəmə-Hüquq Şurasının binası qarşısında etiraz aksiyası keçirəcəyi barədə qərar qəbul edib.

Hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, aksiyada məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirlməsinə etiraz ediləcək.

"Məhkəmələrin xüsusilə siyasi yüklü mühakimələri məzhəkəyə çevirmələri azlıq edirmiş kimi "açıq tamaşaları" bağlı elan edirlər, işlərin icraatı qapalı aparılır. Hüquq müdafiəçilərini, media mənsublarını, vətəndaş cəmiyyəti fəallarını məhkəmə zallarına buraxmırlar. Ümumiyyətlə, bir qayda olaraq, vəkillərdən və təqsirləndirilən şəxslərin ailə üzvlərindən savayı kimsəni prosesə buraxmırlar" , o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan keçiriləcək istənilən qeyri-qanuni aksiyanın qarşısı alınacaq.

"Tövsiyə olunur ki, aksiya keçirmək arzusunda olan şəxs və ya şəxslər bunu qanunla müəyyən edilmiş qaydada həyata keçirsinlər" , o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edildikdən 2020-ci ilin martından başlayaraq açıq kelçirilən məhkəmələrin iclas zallarına ictimaiyyətin nümayəndələri və jurnalistlər burxılmır. Hazırda Nazirlər Kabineti insanların toplaşması üçün say məhdudiyyətini ləğv etsə də, məhkəmələrdə yenə də iclas zallarına məhdud sayda insan buraxılır.

XS
SM
MD
LG