Accessibility links

Şarl Mişel və İlham Əliyev Brüssel razılaşmalarının həyata keçirilməsini müzakirə edib


İlham Əliyev və Şarl Mişel
İlham Əliyev və Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Danışıqda Azərbaycan Prezidenti ilə Brüssel Dialoqunun gündəliyindəki məsələlər müzakirə edilib.

"Biz humanitar, əlaqə və sərhəd məsələlərinin, eləcə də gələcək sülh sazişinin həllində dəstəyi davam etdirəcəyik," Şarl Mişel Twitter hesabında yazıb.

Bundan əlavə, telefon söhbəti zamanı Aİ üçün sabit, təhlükəsiz və dinc Cənubi Qafqazın vacibliyi vurğulanıb.

Öz növbəsində, Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, iyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon söhbəti zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub.

"Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğuladı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirdi.

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmiqyaslı mina problemini qeyd etdi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsinin vacibliyini vurğuladı, deyə məlumatda deyilir.

Xatırlatma

Bu il mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi və onların kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləməsi kimi məsələlər müzakirə edilib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib.

Şarl Mişel qeyd edib ki, bu, onların bu formatda üçüncü müzakirələri olub.

"Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq", o bildirib.

Bu formatda bundan əvvəl aprelin 6-da keçirilən görüşdə də tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunmuşdu.

XS
SM
MD
LG