Accessibility links

İlham Əliyev Müstəqillik Günü münasibətilə ABŞ prezidentinə təbrik məktubu göndərib


Co Bayden və İlham Əliyev
Co Bayden və İlham Əliyev

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib.

“4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. 30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk” - deyə, məktubda deyilir.

Təbrik məktubunda qeyd edilib ki, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə davam edir.

“Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir,” məktubda bildirilir.

Məktubda Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığın, siyasi əlaqələrin genişlənməsinə şərait yaradıldığı qeyd edilib.

İlham Əliyev iki ölkənin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığın nümunəvi xarakter daşıdığını qeyd edib. Məktubda eyni zamanda, ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün yaradılmasında səylərinə toxunulub.

“Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik.

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır. Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik.

Əminəm ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim firavanlıq diləyirəm” - deyə, təbrik məktubunda vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG