Accessibility links

Sosial şəbəkələrdə təhdid videosu yayan şəxs saxlanılıb


TikTok sosial şəbəkəsində təhdid videosu yayan Roman Məmmədov
TikTok sosial şəbəkəsində təhdid videosu yayan Roman Məmmədov

İyulun 5-i sosial şəbəkələrdə Bakı metrosunda balta ilə gəzərək "qadın kimi davrananların" başını kəsməklə hədələyən şəxsin videosu yayılıb. Həmin şəxs videoda sellofana bükülmüş aləti nümayiş etdirir. Video sosial şəbəkələrdə müzakirəyə səbəb olub, fəallar bunun LGBTQI+lara qarşı təhdid olduğunu bildirirlər.

LGBTQI+ fəalı Lili Nəzərov hüquq mühafizə orqanlarının operativ davranmalı olduqlarını və həmin şəxsin həbs edilməli olduğunu deyir:

Lili Nəzərov
Lili Nəzərov

"Çünki bu insan hər hansı bir qrupu hədəfləyir və onları ölümlə təhdid edir. Təhlükəsizlik orqanları tərəfindən verilən hər hansı yüngül cəza və ya pul cəriməsi bu problemləri həll etməyəcək. Əgər həmin şəxs həbs cəzası alarsa, eyni anda psixoterapevt təyin edilməlidir ki, cəzası bitdikdən sonra daha da aqressivləşib hər hansı bir akt törətməsin".

Fəalın sözlərinə görə, dövlət LGBTQI+ları qorumaq üçün qanun qəbul etməlidir, çünki insanlar onlara qarşı nifrət nitqlərini rahatlıqla ifadə edirlər. Lili Nəzərovun fikrincə, buna səbəb qanundakı boşluqdur.

"Amma hadisələrə real zamanda baxdıqda hazırda polislər öz işini görməli, LGBTQI+ların etdiyi şikayətləri araşdırmalı, onların təhlükəsizliyini qorumalı və həmin aktlara səbəbkar şəxsləri cəzalandırmalı, həbs etməlidir. Polis hərəkətizliyindən və özbaşınalığından dolayı, indi onun kimi potensial qatillər özlərini rahat şəkildə ifadə edə bilirlər" - deyə, Nəzərov qeyd edib.

LGBTQI+ fəalı Cavid Nəbiyevin fikrincə, bu cür halların yaranmasının səbəbi cəzasızlıq mühitidir:

Cavid Nəbiyev
Cavid Nəbiyev

"Sıradan bir vətəndaş görür ki, onun deputatı, blogeri, ölkəsində tanınan adam LGBTQI+lara qarşı eyni dildən, yəni nifrət nitqindən istifadə edir və bu insanlar cəzasız qalır. Belə hallar digərlərinə şərait yaradır ki, eyni nifrət dilindən, nifrət çağırışından istifadə etsin".

Fəal bildirib ki, dövlət Əvəz Hafizli işini nümunə götürməlidir, bu cür işlərdə dövlətin ədalət sistemi prinsipial mövqe göstərməlidir və digərlərinə nümunə olacaq cəza verməlidir.

"Eyni ritorikadan istifadə edən və sonu nifrət cinayəti ilə nəticələnən nifrət çağırışına qarşı heç bir hüquqi prosedur başlatmayan sistem kuirləri hədəf alan fəhlə sinifindən olan birini rahatlıqla hüquqi məsuliyyətə cəld edərək, üzr videosu çəkib buraxaraq cəzalandıracaq".

Nəbiyev əlavə edir ki, rəsmilər problemin həllində səmimidirlərsə, nifrət nitqi ilə icmanı hədəfləyən deputatları, blogerləri cəzalandırmalıdırlar.

Elçin Sadıqov
Elçin Sadıqov

Hüquqşünas Elçin Sadıqov məsələni şərh edərkən Amerikanın Səsinə bildirib ki, ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur: "Burada artıq cinayətin törədilməsinə alətlərin əldə edilməsi cinayətə hazırlıq kimi qiymətləndirilə bilər və qəsdlə adam öldürməyə hazırlıq kimi müəyyən edilə bilər. Bununla bağlı hüquq-mühafizə orqanları cinayət təqibi başlanmalıdır və həmin adam həbs olunmalıdır".

Səməd Rəhimli
Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır: "Çox təəssüf ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində adam öldürmənin ağırlaşdırıcı halı və yaxud da sağlamlığa zərər vurmanın növlərinin ağırlaşdırıcı hal kimi nifrət motivi ayrıca nəzərdə tutulmayıb. Buna görə də nifrət motivindən cinayəti törədilməsi Azərbaycanda ağırlaşdırıcı hal kimi tövsif edilə bilmir".

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb və cinayət işi başladılıb:

"Bu gün "TikTok" sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb. Qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olduğu müəyyən edilib və saxlanılıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib. Bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərilərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir".

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG