Azərbaycan Prokurorluğu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müayinə və müalicəsinə cəlb edilmiş həkimlərə qarşı cinayət işi açmaqdan yenə imtina edib.
Bu barədə müstəntiq Yaqub Məmmədovun fəalın xanımı Firuzə Gülalıyevaya göndərdiyi məktubda deyilir.
Belə ki, prokurorluq həkimlərin hərəkətlərində "səhlənkarlıq" əlamətləri tapmayıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə istinadən prokurorluq hesab edir ki, "cərrahiyyə əməliyyatından əvvəl müayinələr tam həcmdə aparılıb", "texniki və taktiki baxımdan isə cərrahiyyə əməliyyatı düzgün, klinik protokola uyğun olaraq yerinə yetirilib" və "intensiv reanimasiya tədbirləri xəstənin faktiki vəziyyətinə uyğun olub".
Lakin fəalın ailəsi hesab edir ki, Gülalıyevə vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən həkimlərin günahından o, komaya düşüb. Qəzadan sonra hüquq müdafiəçisini şəhər klinik mərkəzinə aparanda şüuru yerində və nitqi normal olub.
Gülalıyevin xanımı bildirib ki, ailə yenidən prokurorluğun qərarından apellyasiya şikayəti verəcək.
Gülalıyevin vəziyyətinə gəlincə, o, hələ də komadadır. “Oqtay sağalırdı, hər şeyi eşidirdi, başa düşürdü, başı ilə işarələr verirdi. Lakin bir il öncə onun qida borusu düşdü, bu boru vasitəsilə qidalanırdı. Ona yeni boru qoyulanda həkimlər infeksiya saldılar və vəziyyəti kəskin şəkildə pisləşdi. Beləliklə, əvvəlki müalicə puç oldu”, - Gülalyayeva deyib.
Öz növbəsində bu gün iş günü olmadığıan görə Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.
Prokurorluq bir illik araşdırmadan sonra 2021-ci ilin dekabrında belə bir nəticəyə gəlib ki, yol nəqliyyat hadisəsindən sonra gün ərzində Gülalıyevi müayinə və müalicə edən həkimlərin hərəkətlərində cinayət tərkibi olmayıb. Fəalın ailəsi bu qərardan məhkəməyə şikayət edib. Bu ilin aprelin 14-də Bakının Nəsimi rayon Məhkəməsi şikayətə baxaraq, prokurorluğun qərarını ləğv edib.
Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. Oktyabrın 31-də isə o, "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib. Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.
Fəalın sağlamlığının müsbət dinamikasına baxmayaraq, hələ də huşu özünə gəlməyib. Gülalıyev 2021-ci il noyabrın 8-də Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.
Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.
2021-ci il yanvarın 25-də Bakının Nəsimi rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin sağlamlığına ağır zərər vuran sürücü Kənan Abdullayevi cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər dəyməsinə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Bundan başqa, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.