Rusiya hökuməti beynəlxalq SWIFT maliyyə mesajlaşma sistemindən imtina edilməsi üzərində işləyir. Bu barədə Rusiya prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Maksim Oreşkin məlumat verib.
“SWIFT ilə hər şey çox sadədir: biz elə edəcəyik ki, buna ehtiyac qalmayacaq. Biz hazırda əsas diqqətimizi xarici iqtisadi fəaliyyəti maksimal səviyyəyə qədər rahat etməyə yönəldirik,” Oreşkin bildirib.
Rusiya prezidentinin köməkçisi qeyd edib ki, gələn həftə Rusiya rəsmiləri Türkiyədən olan tərəfdaşlarla görüşərək ödənişlərin qurulmasını müzakirə edəcək. Oreşkin Çinlə “vəziyyəti kəskin şəkildə dəyişə biləcək” innovativ ideyaların da müzakirə olunduğunu əlavə edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Qərbin tətbiq etdiya sanksiyalar çərçivəsində Sberbank və VTB daxil olmaqla bir neçə Rusiya bankı SWIFT sistemindən kənarlaşdırılıb.
Rusiya ərazisində Rusiya Bankının maliyyə mesajlarının ötürülməsi sistemi fəaliyyət göstərir. Bu sistem 2014-cü ildə Krımın ilhaqından və Donbasda silahlı münaqişə başlayandan sonra tətbiq edilib. O zaman Rusiya hökuməti ölkənin SWIFT sistemindən kənarlaşdırılmasının mümkün ola biləcəyini ehtimal etsə də, lakin bu baş vermədi.