Accessibility links

Müsavat Partiyasının fəalı həbs edilib


Əziz Məmiyev (Foto Əziz Məmiyevin facebook səhifəsindən götürülüb)
Əziz Məmiyev (Foto Əziz Məmiyevin facebook səhifəsindən götürülüb)

Müsavat Partiyasının fəalı Əziz Məmiyev iyulun 20-də Səabil rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, iyulun 20-də bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan Əziz Məmiyev polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.

Müsavat Partiyası bildirir ki, quru sərhədlərin bağlı saxlanmasına etiraz olaraq bu gün Nazirlər Kabinetinin binası qarşısında keçirilən etiraz aksiyasında saxlanılanlar sərbəst buraxılsa da, onlardan biri - Müsavat Partiyasının üzvü Əziz Məmiyevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

"Əziz bəy heç bir qanunsuz hərəkət etmədiyi anda, polis tərəfindən aşırı güc tətbiq edilməklə saxlanılıb və ona qarşı fiziki zorakılıq həyata keçirilib. Maşına mindirildikdən sonra da fiziki təzyiqlər davam edib. Əziz bəy dərhal azad edilməlidir" , Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatı qeyd edir ki, iyulun 20-də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə "Quru sərhədləri açın!" tələbi ilə Nazirlər Kabinetinin binası qarşısında keçirilən piket zorakılıqla dağıdılıb.

"Müdafiə Xətti" bildirir ki, dinc şəkildə piketə toplaşan 40-dan çox aksiyaçı saxlanılıb. Hüquq-müdafiə təşkilatı saxlanılan şəxslərin adlarını da yazıb.

Polis isə aksiya zamanı saxlanılanların olmadığını, insanların hadisə yerindən uzaqlaşdırıldığını bildirib.

Öz növbəsində "Müdafiə Xətti" polisi təyinatına uyğun şəklidə fəalliyyət göstərməyə, yəni insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumağa dəvət edir.

"Müdafiə Xətti" Azərbaycan hökumətinə çağırış edir ki, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək, sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşsın.

XS
SM
MD
LG