Accessibility links

ABŞ Odesaya raket hücumunu pisləyib


Yanğınsöndürənlər Rusiyanın Odesa limanına raket zərbəsinin endirildiyi ərazidə işləyir, 23 iyul, 2022.

Birləşmiş Ştatlar Rusiya hərbi qüvvələrinin şənbə günü Odesa limanına raket hücumunu kəskin şəkildə pisləyir. Bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında bildirilir.

“Qara dəniz vasitəsilə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının bərpasına icazə verən razılaşmanın yekunlaşdırılmasından cəmi 24 saat sonra Rusiya bu razılaşma çərçivəsində taxıl və kənd təsərrüfatı ixracının yenidən daşınacağı tarixi limana hücum edərək öz öhdəliklərini pozdu. Kreml Ukraynaya hücumunu davam etdirməklə milyonlarla mülki şəxsin təhlükəsizliyinə və təhlükəsizliyinə etinasızlıq nümayiş etdirməkdə davam edir. Rusiya Qara dənizin blokadası vasitəsilə Ukraynanı iqtisadi imkanlarından, dünyanı isə ərzaq təminatından məhrum edir,” bəyanatda deyilir.

Dövlət katibi vurğulayıb ki, hücum “Rusiyanın dünənki sövdələşməyə sadiqliyini şübhə altına alır və BMT, Türkiyə və Ukraynanın mühüm ərzaq məhsullarının dünya bazarlarına çıxarlıması işinə xələl gətirir”.

Blinkenin sözlərinə görə, Rusiya “dünya ərzaq böhranının dərinləşməsinə görə məsuliyyət daşıyır və təcavüzünü dayandırmalı və razılaşdığı müqavilənin şərtlərinə tam əməl etməlidir”.

Kiyevdən xəbər verildiyi kimi, şənbə günü səhər Rusiyanın Kalibr tupli iki raketi Odesa limanının infrastrukturuna zərbə endirib, daha iki raket isə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Odesa vilayətinin administrasiyasının rəhbəri bildirib ki, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb. “Təəssüf ki, yaralılar var. Liman infrastrukturu zədələnib,” Maksim Marçenko sosial şəbəkələrdə yayılan video müraciətdə bildirib. O, insanların aldığı xəsarətin ağırlığı ilə bağlı açıqlama verməyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü Rusiya raketlərinin şənbə günü Ukraynanın Qara dəniz sahilində Ukrayna taxılının ixracı üçün vacib olan Odesa limanında hərbi infrastrukturu məhv etdiyini bildirib.

Moskva bundan öncə şənbə günü ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, Ankara vasitəsilə Rusiyanın Odesa limanına endirilən zərbələrlə “heç bir əlaqəsi olmadığını” bəyan edib. Bu barədə şənbə günü Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib.

“Rusiya ilə kontakt zamanı rusiyalılar bizə bu hücumla heç bir əlaqəsi olmadığını və bu məsələni çox diqqətlə və təfərrüatlı şəkildə araşdırdıqlarını bildiriblər,” Türkiyənin müdafiə naziri bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Odesaya zərbələr Moskvanın verdiyi vədlərə əməl edə bilməyəcəyini nümayiş etdirdi.

“Bu, yalnız bir şeyi sübut edir: Rusiya nə desə və ya vəd etsə, onu yerinə yetirməməyin yollarını tapacaq”, Ukrayna prezidentinin bəyanatında bildirildiyi kimi, o, ABŞ konqresmenləri ilə görüşü zamanı deyib.

Bir qədər sonra ənənəvi videomüraciətlə çıxış edən Volodimir Zelenski deyib ki, Ukrayna hərbi qüvvələri müharibənin əvvəlində Rusiya tərəfindən ələ keçirilən Xerson vilayətinin şərqinə doğru irəliləməyə başlayıblar.

“İşğalçılar orada möhkəmlənməyə çalışdılar... amma bu onlara necə kömək etdi? Ukrayna silahlı qüvvələri addım-addım bölgəyə doğru irəliləyir” - deyə, Zelenski bildirib.

Rusiyanın Odesa limanında vacib infrastrukturu hədəf alan raket h ücum beynəlxalq miqyasda kəskin qınaqla qarşılanıb.

XS
SM
MD
LG