Accessibility links

İranda koronavirusun yeddinci dalğası başlayıb


İran Tibb Elmləri Universitetinin açıqladığı statistik rəqəmlərə əsasən,

İranda koronavirus xəstəliyinə yoluxanların sayı artmaqdadır və artıq ölkədə koronavirus pandemiyasının yeddinci dalğası başlayıb.

İSNA xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, “iki həftədən az bir müddətdə qırmızı və narıncı səviyyədə göstərilən şəhərlərin sayı inanılmaz sürətlə artır, xəstəxanalarda koronavirusa yoluxan xəstələrin sayı artır”.

İran Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, ölkədə son sutkada 9775 yeni koronavirus xəstəsi müəyyən edilib.

Həmçinin iyulun 24-nə olan məlumata görə, ölkədə COVİD-19-a yoluxan 33 xəstə vəfat edib, xəstəlikdən ölənlərin ümumi sayı 141 min 717 nəfərə çatıb.

İran Azərbaycanı vilayətlərində də koronavirusa yoluxanların sayı artır. Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Əmin Vəlizadənin iyulun 25-də Mehr xəbər agentliyinə verdiyi məlumata görə, son 24 saat ərzində bu vilayətdə 267 nəfər koronavirusa yoluxub, 2 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Vilayət səhiyyə rəsmilərinin verdiyi məlumata görə, Qərbi Azərbaycanda altı həftə əvvəl koronavirus xəstəliyindən ölüm halları olmasa da, indi yoluxanların və ölənlərin sayı artmaqdadır.

İki gün əvvəl vilayətin səhiyyə orqanları Xoy və Çaypara şəhərlərində vəziyyətin narıncı səviyyəyə yüksəldiyini açıqlayıblar.

Şərqi Azərbaycanda isə üç şəhər, o cümlədən Tufarqan (Azərşəhr), Marağa və Horand koronovirusa yoluxanların sayının artması ilə əlaqədar narıncı statusa çatıb.

Ərdəbil vilayətinin Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədiyan bildirib ki, son bir neçə həftə ərzində koronavirusa yoluxanların sayı 5-6 dəfə artıb. Beləliklə, son 24 saat ərzində 620 nəfər vilayətin tibb mərkəzlərinə müraciət edib və iki gün əvvəl bu vilayətdə koronavirus nəticəsində ilk ölüm qeydə alınıb.

Zəncan vilayətində də ötən gün bir vətəndaş xəstəlik nəticəsində həyatnı itirib. Vilayətin Tibb Elmləri Universitetinin rektoru artıq koronavirus pandemiyasının 7-ci dalğasının başladığını və xəstəxanalara yerləşdirilən xəstələrin sayında artım müşahidə olunduğunu deyib.

İranın səhiyyə orqanları insanları koronavirus vaksininin gücləndirici dozasını vurmağa çağırır, lakin onlar insanların peyvəndə yetərli inamı olmamasından şikayətlənirlər.

İranın dini lideri Ayətullah Xamenei xarici peyvəndlərin idxalına qadağa qoyduğunu elan etdikdən sonra İranda yerli peyvənd istehsalı prosesi müxtəlif şirkətlər tərəfindən başladılıb və indiyədək yerli istehsal olan 9 peyvəndin adı açıqlanıb. Lakin bəzi xəbər agentliklərinin ÜST-nin şərqi Aralıq dənizi regional ofisinin hesabatına istinadən verdiyi məlumata görə, İranda vurulan yerli vaksinlərin ümumi sayı yalnız 9 faiz təşkil edir.

XS
SM
MD
LG