2023 Avroviziya Mahnı Müsabiqəsi Birləşmiş Krallıqda keçiriləcək. Qaydalara görə, müsabiqə öncəki il qalib olan ölkədə keçirilməli olsa da, Rusiya ilə müharibədə olan Ukrayna təhülkəsizlik məsələlərinə görə yarışa ev sahibliyi etməyəcək.
Avropa Yayım İttifaqı (EBU) 25 iyulda yaydığı bəyanatda deyilir ki, 2023-cü ilin mahnı müsabiqəsi Ukraynanın qalib olduğu builki müsabiqədə ikinci yerə layiq görülən Birləşmiş Krallıqda keçiriləcək və müsabiqəyə ev sahibliyi edəcək şəhərlərin seçilmə prosesi bu həftədən etibarən başlayacaq.
“2023 Avroviziya Mahnı Müsabiqəsi Ukraynada keçirilməsə də, Ukraynaya dəstək üçün keçiriləcək” deyə, Ukrayna dövlət televiziyasının rəhbəri Mikola Çernotitski bildirib.
Britaniya daha öncə dörd dəfə müxtəlif səbəblərə görə müsabiqəyə ev sahibliyi edə bilməyən ölkələri əvəz edib. Bununla bərabər ölkə həm də dörd dəfə qalib kimi müsabiqənin ev sahibi olub.
“Ukraynada olan həmkarlarımızın 2023-cü ilin Avroviziya Mahnı Müsabiqəsini keçirə bilməməsi böyük məyusluqdur,” – deyə BBC-nin baş direktoru Tim Deyvi bəyanatda bildirib: “BBC keçiriləcək müsabiqədə Britaniya musiqisi və yaradıcılığı ilə yanaşı Ukrayna mədəniyyətini də nümayiş etdirmək əzmindədir.”
Ukraynanın Kalush Orchestra qrupu “Stefania” mahnısı ilə mayda İtaliyada keçirilən 66-cı Avroviziya müsabiqəsinin qalibi olub. Rusiya Ukrayana hərbi müdaxiləsinə görə yarışdan kənarlaşdırılmışdı.