ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olunub. Müvəqqəti işlər vəkili Hüqo Qevara iyunun 29-da ABŞ-in Bakıdakı Səfirliyində missiya rəhbərinin müavini vəzifəsinin icrasına başlayıb.
ABŞ Səfirliyinin məlumatında deyilir ki, hazırda ABŞ-ın Azərbaycandakı Səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərən ABŞ səfirinin yeni müavini Hüqo Gevaranın Dövlət Departamentində böyük təcrübəsi var və son zamanda tutduğu vəzifələrdən biri ABŞ-ın Qvatemala şəhərindəki səfirliyində Qvatemala hökuməti ilə təhlükəsizlik və qanunun aliliyi sahəsində əməkdaşlıgin inkişafı və irəliləməsi olub. Hazırkı işinə başlamazdan əvvəl Hüqo Vaşinqtonda Azərbaycan dilini öyrənib.
“Bakıya səfir müavini kimi gəlmişəm. Bu yaxınlarda səfir Litzenberger diplomatik fəaliyyətini başa vurur. Yeni səfir gələnədək müvəqqəti işlər vəkili olacam. Gözəl Azərbaycan dilini Vaşinqtonda öyrənmişəm. İndi bu gözəl ölkəni görməkdən, onun mehriban insanları ilə görüşməkdən şadam. Ölkələrimiz arasında münasibətləri gücləndirmək üçün sizinlə işləməyi həvəslə gözləyirəm,” o video müraciətində qeyd edib.
Hazırda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti iyul ayında başa çatır.
ABŞ prezidenti Co Bayden mayın 25-də Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə hazırda Vaşinqtonda Milli Hərbi kollecdə Dövlət Departamentinin müşaviri vəzifəsində çalışan Mark Libbinin (Mark W. Libby) namizədliyini irəli sürüb. Onun namizədliyi Senat tərəfindən təsdiq edilməlidir.