Accessibility links

Jurnalist və LGBTQI+ fəalı Əvəz Hafizlinin qətlində təqsirli bilinən Əmrulla Güləliyev 9 il 6 ay azadlıqdan məhrum edildi


Fəallar Əvəz Hafizlinin qətli ilə bağlı məhkəmənin qarşısında etiraz edir (29 iyul, 2022)
Fəallar Əvəz Hafizlinin qətli ilə bağlı məhkəmənin qarşısında etiraz edir (29 iyul, 2022)

Jurnalist və LGBTQI+ fəalı Əvəz Şıxməmmədovu (Hafizli) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyev qəsdən adam öldürmə məddəsi ilə təqsirli bilinərək, 9 il 6 ay azadlıqdan məhrum olunub. Hökm iyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində oxunub.

Məhkəmə Güləliyevin könüllü təslim olmasını, zərərçəkmiş tərəfin şikayətçi olmamasını yüngülləşdirici hal kimi qiymətləndirib.

Hökmdən öncə məhkəmədə son sözünü deyən 24-yaşlı Güləliyev əməlindən peşman olduğunu vurğulayıb.

Məhkəmə önünə toplaşan fəallar hökmdən narazı olduqlarını bildiriblər. Onlar Əvəz Hafizlinin qətlinin nifrət cinayəti olduğunu və məhkəmənin bunu nəzərə almadığını qeyd ediblər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Əvəz Şıxməmmədov (Hafizli) bu ilin fevral ayında əmisi oğlu Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib. Təqsirləndirilən şəxs sərxoş olduğunu və aralarında yaranan mübahisə zamanı cinayəti törətdiyini bildirib.

Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən qətl hallarında insanın mənsubiyyətinə görə nifrət amili nəzərə alınmır.

Əvəz Hafizli cinsi oriyentasiyasına görə bir neçə dəfə təhdidlərə məruz qalması və təqsirkarların cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG