Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsi Olenivkada partlayışı pisləyib, hadisə yerinə getmək üçün hələ Rusiyadan icazə almadığını bildirib


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidə bu həftə onlarla ukraynalı hərbi əsirin öldürüldüyü həbsxanaya hücumu pisləyib. Komitə iyulun 31-də yaydığı bəyanatda Ukraynanın şərqindəki Olenivka həbsxanasına hücumun baş verdiyi yerə getməyə hələ icazə almadığını bildirib.

BQXK iyulun 29-da Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidə azı 53 ukraynalı hərbi əsirinin ölümü ilə nəticələnən hücumunu pisləyib.

Həm Beynəlxalq Qırmızı Xaç Komitəsi, həm də Birləşmiş Millətlər Təşkilatı əraziyə giriş və yaralıları təxliyə etmək imkanı əldə etməyə çalışır.

“Ailələr yaxınlarının başına gələnlərlə bağlı təcili xəbərlər və cavablar almalıdırlar,” BQXK bildirib.

Rusiya Müdafiə Nazirliyi BQXK və BMT-ni həbsxanada araşdırma aparmağa dəvət edib.

Qərəzsiz təhqiqatın aparılmasını tələb etməklə yanaşı, BQXK “iddia edilən hərbi cinayətlərlə bağlı ictimai araşdırmaların aparılmasının BQXK-nın rolu və ya mandatına aid olmadığını” qeyd edib.

Kyiv və Moskva hücuma görə kimin məsuliyyət daşıması ilə bağlı bir-birini ittiham ediblər.

Ukrayna şənbə günü Rusiyanın Ukraynanın şərqində Rusiyanın nəzarətində olan təcridxanada onlarla ukraynalı hərbi əsirin ölümünə səbəb olan raket hücumuna görə məsuliyyətə cəlb edilməsini tələb edib.

Rusiya Ukraynanın öz döyüşçülərinin Rusiya qüvvələrinə təslim olmasının qarşısını almaq məqsədilə həbsxananı vurmaq üçün Amerika istehsalı olan silahlardan istifadə etdiyində israr edib.

Ukrayna hərbi qüvvələri bu iddianı rədd edib və bildirib ki, Rusiya artilleriyası əsirlərlə pis rəftarı ört-basdır etmək üçün həbsxananı atəşə tutub.

Ukrayna prezidenti Volodimir Zelenski hücumu Rusiyanın qəsdən törətdiyi hərbi cinayət və ukraynalı hərbi əsirlərin kütləvi qətli adlandırıb.

Hələlik heç bir beynəlxalq yardım təşkilatına bombalanmış əraziyə giriş icazəsi verilməyib.

XS
SM
MD
LG