Accessibility links

Azərbaycan, Türkiyə və Özbəkistan iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib - ekspert şərhi


Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü olub. Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd bəyannaməsi imzalanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Mətbuat xidməti İdarəsi bildirir ki, görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

“Həmçinin, energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd edilib,” məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır.

“Bu, həmçinin möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanır. Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format müvafiq sahələrdə birgə layihələrin işlənib hazırlanmasına və irəli aparılmasına kömək edəcəkdir. Bu, həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcəkdir,” nazirlik qeyd edir.

Əhməd Əlili
Əhməd Əlili

Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili Amerikanın Səsinə müsahibəsində bildirirb ki, Daşkənddə keçirilən görüş Qarabağ müharibəsindən sonra və Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yeni reallıqların elementlərindən biridir.

please wait

No media source currently available

0:00 0:06:26 0:00
Direct link

“2020-ci il Qarabağ müharibəsi Azərbaycan və Türkiyənin Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətini və reputasiyasını tamamilə fərqli formada göstərdi. Bu kontekstdə Azərbaycan-Türkiyə tandeminə böyük maraq var. Azərbaycan da bu istiqamətdə fəaliyyət göstərməkdə çox maraqlıdır. Bu həm də Azərbaycanın Avropa İttifaqında və ABŞ-dakı tərəfdaşları ilə razılaşdırlmış bir məsələdir. ABŞ və Avropa İttifaqı tərəfdaşları Azərbaycan üzərindən və Xəzər dənizi vasitəsi ilə Mərkəzi Asiya regionuna çıxmaq istəyirlər. Həm də Xəzərin və regionun resurslarına bu xətt üzrə çıxış əldə etmək mümkündür. ABŞ Prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi məktublarda da Azərbaycanın adı Cənubi Qafqazdan daha çox Tanaszəzər regionu ilə bağlı olan məsələlərdə vurğulanır. Bu istiqamətdə əməkdaşlıq etmək məsələləri göstərilir” - deyə, ekspert Azərbaycan Prezidentinin Özbəkistana son səfərini qeyd edib.

Ekspert görüşdə müzakirə edilən Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və ticarət əlaqələri ilə bağlı danışarkən deyib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya gedən ticarət dəhlizləri istiqamətini dəyişir.

“Burada əsas ağırlıq Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz dəhlizinin üzərinə düşür. Bu kontekstdə əlbəttə, Mərkəzi Asiya ölkələri maraqlıdır ki, vaxtı ilə Rusiya və İran üzərindən göndərdikləri yükləri Azərbaycan ərazisi vasitəsi ilə dünya bazarına çıxarsınlar. Çünki Rusiya və İran sanksiya altında olan ölkələrdir. Bu səbəbdən də 90-cı illərdən mövcud olan TRACECA dəhlizini bazis kimi götürərərk, yeni kapital qoymaqla onu keyfiyyətcə yeni mərhələyə qaldırmaq istəyirlər.Bunun isə siyasi və geosiyasi əhəmiyyəti çox böyükdür. ”

Əhməd Əlili hesab edir ki, siyasi və diplomatik əlaqələrin inkişafı ticarət əlaqələrinin inkişafına da yol açacaq.

“Çünki iqtisadi əlaqələrin bazisi yaradılmadan siyasi əlaqələr uzun müddət davam edə bilməz. Aktiv siyasi və diplomatik gündəlik bir qədərdən sonra iqtisadi gündəliyə transformasiya edəcək. Nəzərə alsaq ki, Avropa İttifaqının və ABŞ-ın da iqtisadi resursları bu istiqamətdə inkişaf edəcək,” ekpsert Avropa ittifaqı və ABŞ nümayəndələrinin son zamanlar Bakıya səfərlərini xatırladıb.

XS
SM
MD
LG