Accessibility links

Azərbaycan Baş Prokurorluğu Londondakı səfirliyə hücum faktı üzrə cinayət işi qaldırıb


Azərbaycan Baş Prokurorluğu avqustun 4-də bu ölkənin Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsi faktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Baş Prokurorluq cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edib.

Baş Prokurorluq bildirir ki, cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.

Rəsmi məlumatlara görə, səfirliyə hücum edən 8 nəfər London polisi tərəfindən saxlanılıb.

Britaniyanın Metro qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin xidmətçiləri” Birliyinin üzvləri olduğunu yazıb.

"Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin xidmətçiləri’” Birliyinin ("The Mahdi Servants Union") saytında bildirilir ki, onlar İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirir. Onlar buna “İslam Rafizi dəyərlərinə uyğun imanla irəliləmək və şiə sivilizasiyasının dominantlığına nail olmaqla” hazırlaşırlar,” saytda vurğulanıb.

Qəzet yazır ki, birliyin lideri Yasser Al-Habibin “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd Peyğəmbərin üzünü göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatrlardan qaldırılmasını tələb edib.

Qrupla əlaqəsi olan üzvlər Azərbaycan hökumətinin bəzi şiə müsəlmanlarını “təqib etdiyini" iddia ediblər.

“Qrupun bəyanatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevə qarşı “təcili tədbir görülməsi” üçün rəhbərləri tərəfindən göstəriş verilib,” Metro qəzeti yazıb.

Əslən Küveytdən olan Əl-Həbib Böyük Britaniyada sığınacaq alıb və Buckinghamshire-də məscid idarə edir.

İranın Londondakı səfirliyi daha əvvəl 2018-ci ildə qrupu onun əmlakına hücumda ittiham edib, Metro qəzeti yazır.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG