Accessibility links

Ukrayna Rusiyanı atom stansiyasını növbəti dəfə atəşə tutmaqda ittiham edir


Hərbi geyiminin üzərində Rusiya bayrağı olan əsgər Rusiyanın nəzarətində olan Enerhodar şəhəri yaxınlığında Zaporijya Atom Elektrik Stansiyasının qarşısında keşik çəkir, Ukrayna, Zaporijye vilayəti, 4 avqust 2022.
Hərbi geyiminin üzərində Rusiya bayrağı olan əsgər Rusiyanın nəzarətində olan Enerhodar şəhəri yaxınlığında Zaporijya Atom Elektrik Stansiyasının qarşısında keşik çəkir, Ukrayna, Zaporijye vilayəti, 4 avqust 2022.

Ukrayna bazar günü yenidən Rusiyanı Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporijya atom elektrik stansiyasını bombalamaqda ittiham edib və Moskvanın “nüvə terroru” ilə məşğul olduğunu iddia edib.

Ukraynanın dövlət nüvə enerjisi şirkəti bildirib ki, Rusiya qüvvələri şənbə günü gecə hücum zamanı obyektdəki üç radiasiya sensorunu zədələyib və bir işçi qəlpə dəyməsi nəticəsində yaralanıb.

“Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha sərt reaksiya tələb edir - Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar,” Ukrayna prezidenti Volodimir Zelenski Twitter səhifəsində yazıb.

Rusiyanın nəzarətində olan ərazidə yerləşən zavoda cümə günü də hücum edilib. Moskva hücuma görə Ukrayna qüvvələrini ittiham edib.

Rusiya Zaporijya zavodunu martın əvvəlində Ukraynaya hücumunun ilkin mərhələsində ələ keçirib, lakin obyekt hələ də ukraynalı texniki işçilər tərəfindən idarə olunur.

Ukraynanın “Enerqoatom” nüvə şirkəti şənbə günü bildirib ki, Rusiya raketləri açıq yerdə 174 konteyner işlənmiş nüvə yanacağının saxlandığı anbara atəş açıb.

“Buna görə də radiasiya vəziyyətinin pisləşməsi və ya işlənmiş nüvə yanacağının olduğu konteynerlərdən radiasiyanın sızması halının vaxtında aşkar edilməsi və cavab tədbirlərinin görülməsi hələlik mümkün deyil,” məlumatda bildirilir.

Zavodun işçilərinin yaşadığı işğal altında olan Enerqodarın Rusiya tərəfindən təyin edilmiş administrasiyası Ukraynanın 220 mm-lik “Uraqan” reaktiv raket sistemindən istifadə edərək zərbə endirdiyini bildirib.

“İnzibati binalara və anbara bitişik əraziyə ziyan dəyib,” məlumatda deyilir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri şənbə günü verdiyi açıqlamada atom elektrik stansiyasında vəziyyətə toxunaraq bildirib ki, “Zaporijya atom elektrik stansiyasının təhlükəsizliyini təhlükə altına qoyan hərbi əməliyyatlar tamamilə qəbuledilməzdir və nəyin bahasına olursa olsun qarşısı alınmalıdır.”

Cümə günü ilk hücumdan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri atışmaların nüvə fəlakəti riskini göstərdiyini bildirib. Mərmilərin yüksək gərginlikli elektrik xəttinə dəyməsi radioaktiv sızma olmamasına baxmayaraq, stansiya operatorlarını reaktoru bağlamağa vadar edib.

XS
SM
MD
LG