Accessibility links

Azərbaycanda Aşura mərasimləri qanvermə aksiyaları ilə davam etdirilir


Aşura mərasimində qanvermə aksiyası (Foto TƏBİB-dir)
Aşura mərasimində qanvermə aksiyası (Foto TƏBİB-dir)

Avqustun 8-də Azərbaycanın məscidlərində Aşura mərasimləri keçirilir. Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur.

Miladi tarixilə 680-ci il oktyabrın 10-da indiki İraqın Kərbəla ərazisində Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn ətrafı ilə birgə qətlə yetirilib.

Bu hadisə ilə bağlı uzun əsrlərdir ki, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Aşura mərasimi (aşura “onuncu gün” deməkdir) keçirilir.

Son 10 ildə Azərbaycanda Aşura mərasimləri daha çox qanvermə aksiyaları ilə müşahidə edilir. Bu il Aşura günü qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qanvermə aksiyasının məramları və ölkədə dini tolerantlıq ənənələri haqda danışıb.

"Bu gün, Aşura günündə mənimlə bərabər, digər dinlərin nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrıseçkilik yoxdur. Bəzi insanların İmam Hüseynin adından istifadə edərək İslamın daxilində ayrıseçkilik yaratması düzgün deyil. İnsanlar gəlib bir yerdə İmam Hüseyni yad etmək istəyirlərsə, onlar ruhən sakit olmalıdırlar," deyən Paşazadənin özü də daxil olmaqla Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları və ölkədə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri qanvermə aksiyasında iştirak edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, 100-dən çox tibb işçisi qanvermə aksiyaları üzrə təhkim olunub.

“Alınan qanın standart dozası 350-400 ml təşkil edir. Qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq, təmiz qanlar hemofiliya və talassemiya xəstələrinin, eləcə də qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq,” TƏBİB-in məlumatında deyilir.

Avqustun 28-də Məhərrəm ayı başa çatacaq, avqustun 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

XS
SM
MD
LG