Accessibility links

Əlcəzair və Azərbaycan arasında əməkdaşlıq sazişləri imzalandı


Azərbaycan və Əlcəzair xarici işlər nazirləri Ceyhun Bayramov və Ramtan Lamamra (foto Azərbaycan XİN-nin rəsmi saytından götürülüb.)

Avqustun 10-da Bakıda Azərbaycan və Əlcəzair xarici işlər nazirləri Ceyhun Bayramov və Ramtan Lamamra arasında danışıqların yekunu olaraq iki ölkə hökumətləri arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizasız gediş-gəlişi haqqında saziş imzalanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, tərəflər həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında “Siyasi məsləhətləşmələr haqqında protokol” imzalayıblar.

Məlumata görə, danışıqlar zamanı Bayramov Azərbaycanla Əlcəzair arasında əməkdaşlığın gələcək inkişafı üçün geniş potensialın olduğunu qeyd edib.

Öz növbəsində Ramtan Lamamra mövcud siyasi dialoqun və ikitərəfli əlaqələrin intensivliyinin saxlanmasının, enerji və iqtisadi əməkdaşlığın inkişafının, dostluq qruplarının yaradılmasının vacibliyini qeyd edib.

O, qeyd edib ki, Əlcəzair Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qeyd-şərtsiz dəstəkləyir.

Həmçinin müxtəlif beynəlxalq və regional formatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında ölkələr arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Bundan əlavə, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG