Accessibility links

Azərbaycanda son altı ayda nikahların sayında artım, boşanmaların sayında isə azalma qeydə alınıb


2022-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 29418 nəfər və ya 0,3 faiz artaraq iyul ayının 1-nə 10185784 nəfərə çatıb.

Bu barədə Dövlət Satistika Komitəsinin məlumatında deyilir.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edir, hazırda hər 1000 kişiyə 1001 qadın düşür.

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 61234 doğulan körpə qeydə alınıb, doğulanların 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqları olub.

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 28785 nikah və 7531 boşanma halları qeydə alınıb.

Hər 1000 nəfərə nikah sayı 4,7-dən 5,8-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınıb.

Azərbaycan Sosial Tədqiqat Mərkəzinin eksperti Elnur Çıraqovun “Son 100 ildə Azərbaycanda demoqrafik vəziyyət: proqnozlar və reallıqlar” adlı tədqiqat əsərində qeyd edilir ki, 2000-ci ildən başlayaraq son 20 illik dövrdə Azərbaycanda əhalinin sayı 2 milyon nəfərdən (25%) çox artaraq, 10 milyon nəfəri ötüb.

"Hazırkı dövrə qədər əhali sayı 100 il əvvəlki göstərici ilə müqayisədə təqribən 5 dəfə artıb. Eyni zamanda şəhər əhalisinin sayında ən az 10 dəfə artım qeydə alınıb,” tədqiqatçı qeyd edib.

BMT Əhali Fondu və İnkişaf Agentliyinin Azərbaycanda əhalinin demoqrafik vəziyyətinə dair hesabatında ölkə üzrə əhali sayının 2045-ci ildə 11 milyona çatacağı proqnozlaşdırılır.

“Həmçinin əhali artımının ötən illər üzrə dinamikasına və artım komponentlərinin vəziyyətinə görə, 2050-ci ilə qədər əhali sayının nəinki 12 milyon nəfəri keçməyəcəyi, hətta həmin illərdən etibarən azalan tendensiya üzrə davam edəcəyi proqnozlaşdırılır,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG