Accessibility links

Bakıda stadionu satmaq üçün rüşvət alan şəxslər həbs edilib


Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov həbs edilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhərində 1,26 hektar torpaq sahəsində yerləşən Məhsul stadionunun ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri Baş Prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG