Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
“Azərbaycanın paytaxtında iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılır. Danışıqların gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi ilə yanaşı Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafı daxildir. Həmçinin bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır,” mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 1 mart 2004-cü ildə Azərbaycanın Qazaxıstanda Səfirlikləri fəaliyyətə başlayıb.
İki ölkənin yüksək rəsmiləri arasında çoxsaylı qarşılıqlı səfərlər olub. İndiyədək Azərbaycan və Qazaxıstan arasında 121 ikitərəfli sənəd imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, iki ölkə arasında əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir.
“Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan investisiyası ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrinin artmasında əhəmiyyətli rol oynayır. 26 may 2021-ci ildə Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılışı baş tutub,” nazirlik bildirir.
İki ölkə arasında 2020-ci ildə ticarət dövriyyəsi 142,01 milyon (25.91 milyon dollar ixrac, 116,1 milyon dollar idxal) ABŞ dolları olub.
1999-cu ildə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafı məqsədilə İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.
İki ölkə arasında humanitar və mədəni sahələrdə də geniş əməkdaşlıq əlaqələrin var.