Accessibility links

İctimai fəal Maqsud Əliyev həbs edilib


Maqsud Əliyev

İctimai fəal Maqsud Əliyev avqustun 16-da Bakının Müfiqabad qəsəbəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və Binəqədi Rayon Məhkəməsi fəalı polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Maqsud Əliyevin atası Faiq Əliyev Amerikanın Səsinə deyib.

“Maqsudun həbsi ilə bağlı ailəmizə nə istintaq orqanı, nə məhkəmə, nə də saxlanıldığı müəssisə xəbər verməyib. Mən özüm onun yoxa çıxmasından narahat oldum və axtarışına başladım. Maqsudun dostları dedi ki, Müşfiqabad qəsəbəsində polislər saxlayıb. Polis bölməsindən öyrəndim ki, tutub məhkəməyə aparıblar. Onu saxlayan əməliiyatçı isə bizim suala cavab vermədi. Maqsuda verilən ittihamın əsası yoxudr və həbs onun müxalif fikirləri ilə bağlıdır,” Faiq Əliyev Amerikanın Səsinə qeyd edib.

Bu arada Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirib ki,Maqsud Əliyevin həbsinə AXCP sədri Əli Kərimli ilə avqustun 12-də Caspian PlatForumda “Demokratik dəyişikliklər üçün insan resursları” mövzusunda keçirilən ictimai dinləmə zamanı verdiyi sual səbəb olub.

“Maqsud Əliyev Əli Kərimliyə İlham Əliyevin fəaliyyəti barədə sual verəndən bir neçə gün sonra polisə aparılıb və məhkəməyə çıxarılaraq 30 sutka həbs edilib,” AXCP bildirir.

Bununla yanaşı, rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb. Məhkəmədən də həbslə bağlı cavab almaq mümkün olmayıb.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı ictimai fəalın həbsini pisləyib.

“Müdafiə Xətti” icitimai fəalın həbsini diqqətdə saxlayır. Vəkil Nemət Kərimli sabah Maqsud Əliyevə baş çəkməyə çalışacaq. Onun işgəncəyə və qeyri insani rəftara məruz qalıb-qalmadığını öyrənəcək. Bununla yanaşı fəalın həbsindən apellyasiya şikayəti veriləcək,” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG