Accessibility links

Azərbaycan hərbçiləri Gürcüstanda keçiriləcək çoxmillətli təlimlərə qatılacaq


Gürcüstanda çoxmillətli hərbi təlim (Foto Gürcüstan Müdafiə Nazirliyinindir)
Gürcüstanda çoxmillətli hərbi təlim (Foto Gürcüstan Müdafiə Nazirliyinindir)

Azərbaycan hərbçiləri Gürcüstanda keçiriləcək beynəlxalq təlimlərə qatılacaq.

Gürcüstan Müdafiə Nazirliyi bildirib ki, bu il Gürcüstanda keçiriləcək “Noble Partner” çoxmillətli təlimində 21 ölkədən 2400-dən çox hərbçi iştirak edəcək. Eyni zamanda, tarixində ilk dəfə olaraq Yaponiya və İsveçdən olan hərbi qulluqçular bu təlimlərə qoşulacaq.

İllik “Noble Partner” təlimi Gürcüstanda altıncı dəfə keçiriləcək. Onları Gürcüstan Müdafiə Nazirliyi və ABŞ Ordusunun Avropa Komandanlığı təşkil edir. Manevrlərin əsas şüarı “Tərəfdaşlıqda güc”dür.

Hələlik təlimin dəqiq tarixi açıqlanmayıb. Təlimlərin sentyabrda Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında baş tutacağı məlumdur.

Məlumatda bildirilir ki, Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya, Polşa, Yaponiya, Litva, Polşa, Ukrayna və İsveçdən olan hərbi qulluqçular təlimlərdə iştirak edəcək.

Nazirliyin bəyanatında deyilir ki, təlimin məqsədi “Qara dəniz regionunda sabit və təhlükəsiz mühitin təmin edilməsi” üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar və müttəfiq ölkələr arasında hazırlığı və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır.

Təlimlərə rəhbərlik edəcək Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığının komandanı, briqada generalı Roland Dzneladze çoxmillətli təlimlərdə iştirakın və Gürcüstan Müdafiə Qüvvələrinin potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Dzneladze avqustun 23-də Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvilinin, həmçinin iştirakçı ölkələrin hərbi attaşelərinin və NATO ekspertlərinin iştirakı ilə informasiya brifinqi keçirib.

XS
SM
MD
LG