Accessibility links

Avropa İttifaqının rusiyalılar üçün sadələşdirilmiş vizalara dair sazişi dayandırmağa hazırlaşdığı bildirilir


Financial Times qəzeti danışıqlarda iştirak edən anonim rəsmilərə istinadən xəbər verib ki, Avropa İttifaqının nazirləri bu həftə Moskva ilə 2007-ci ildə viza üçün müraciət edən rusiyalılar üçün sadələşdirilmiş viza rejimi haqqında sazişin dayandırılmasını dəstəkləməyə hazırlaşırlar.

Danışıqlarda iştirak edən üç rəsmi Financial qəzetinə bildirib ki, Avropa İttifaqı nazirləri avqustun 30-da Praqada keçiriləcək iki günlük görüşdə Aİ-Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair sazişin dayandırılmasına siyasi dəstək verməyi planlaşdırırlar.

Avqustun 28-də dərc edilən məqalə quruma üzv olan Şərqi Avropa ölkələrinin Kremlin Ukraynaya qarşı davam edən təcavüzü ilə əlaqədar birtərəfli qaydada sərhədlərini rusiyalı turistlər üçün bağlamaqla hədələdiyi bir vaxta təsadüf edir.

“Rusiyalı turistlərin şəhərlərimizdə, limanlarımızda gəzməsi düzgün deyil,” danışıqlarda iştirak edən yüksək səviyyəli Avropa İttifaqı rəsmisi deyib. “Biz Rusiya əhalisinə bu müharibənin yaxşı olmadığına, qəbuledilməz olduğuna dair siqnal verməliyik,” o bildirib.

2007-ci ildə Moskva ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin hökumət və biznes nümayəndələrinin sərbəst hərəkəti ilə bağlı hissələri fevral ayında hərbi müdaxilədən qısa müddət sonra dayandırılıb.

Financial Times qəzetinin bildirdiyinə görə, razılaşmanın daha geniş şəkildə dayandırılması Avropa İttifaqı ölkələrinə bütün vizalar üçün müraciət edilərkən rusiyalılar üçün güzəştli rejim aradan qaldırılacaq.

Məqalədə deyilir ki, viza üçün müraciət edən rusiyalılar daha sonra əlavə sənədlər təqdim etməli olacaqlar ki, bununla vizaların qiyməti bahalaşacaq və gözləmə müddəti də daha çox artırılacaq.

“Biz müstəsna vəziyyətdəyik və bu, müstəsna addımlar tələb edir. Biz vizanın sadələşdirilməsinin dayandırılması çərçivəsindən kənara çıxmaq istəyirik,” Avropa İttifaqının yüksək səviyyəli rəsmisi Financial Times qəzetinə bildirib və əlavə edib ki, ilin sonuna qədər daha da sərt tələblər tətbiq oluna bilər.

Bəzi üzv ölkələr Moskvanı cəzalandırmaq məqsədilə rusiyalıların Avropa İttifaqına turist vizası ilə getməsinin qarşısını almaq üçün tədbir görülməsini tələb ediblər.

Çexiya və Polşa Rusiyanın fevralın 24-də hərbi müdaxiləsindən qısa müddət sonra rusiyalı turistlərə viza verilməsini dayandırıb.

Onlar Aİ-dən Ukrayna prezidenti Volodimir Zelenskinin tələb etdiyi kimi, blok tərəfindən tam qadağa tətbiq edilməsini tələb edirlər.

Polşa və Rusiya sərhədində yerləşən Baltikyanı ölkələr Şengen sazişində milli təhlükəsizliklə bağlı istisnaları əsas gətirərək, turist vizası olan rusiyalıların öz ərazilərinə daxil olmasını dayandırmağa hazır olduqlarını bildiriblər.

Rusiya ilə 1335 kilometr sərhədi olan Finlandiya bu ay verdiyi açıqlamada sentyabrın 1-dən etibarən Rusiyaya verilən turist vizalarının sayını 90 faiz azaldacağını bildirib.

XS
SM
MD
LG