Accessibility links

Abbas Lisani Ərdəbil həbsxanasına qayıdıb


Abbas Lisani
Abbas Lisani

Azərbaycanlı milli fəal Abbas Lisaninin tibbi məzuniyyəti uzadılmadığı üçün o, Ərdəbil həbsxanasına geri qayıdıb.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Abbas Lisani avqustun 23-də aldığı və 5 gün ərzində özünü məhkəmənin hökmlərin icrası şöbəsinə təqdim etməli olduğu haqda bildirişdən sonra avqustun 27-də Ərdəbil həbsxanasına geri dönüb.

Tibbi ekspert komissiyasının təsdiqi ilə 6 aylıq məzuniyyətə göndərilən Abbas Lisani bu müddət ərzində bel nahiyəsindən 3 dəfə əməliyyat olunub. Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yayımladığı həkim tərəfindən verilmiş məktubda onun evdə istirahəti və bəzi müalicə proseduralarını davam etdirilməli olduğu vurğulanıb. Lakin məhkəmə milli fəalın həbsxanaya geri qayıtması haqda qərar verib.

Güneyli fəal Abbas Lisani 3 nəfərlik tibbi ekspert komissiyasının razılığından sonra bel diskindən əməliyyat olunması üçün fevralın 13-də 6 aylıq məzuniyyətə göndərilmişdi.

Abbas Lisaninin ailəsinin məhkəməyə müraciətinə və tibbi faylı və həkimin rəyini təqdim etməsinə baxmayaraq, Ərdəbil prokuroru onun məzuniyyət müddətinin uzadılmasına qarşı çıxıb.

Tanınmış milli-mədəni fəal hazırda Ərdəbil həbsxanasının 7 saylı təhlükəsizlik palatasına köçürülüb. O, 2019-cu ilin yanvar ayından həbsdə saxlanılır.

İranda azərbaycanlı türk icmasının haqlarını müdafiə edən siyasi fəal bundan öncə dəfələrlə uzunmüddətli həbs və sürgün cəzalarına məhkum edilib. Lisani son məhkumluğunda ilkin məhkəmə tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq” ittihamı ilə 8 il azadlıqdan məhrum edilmişdi, lakin Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi bu cəzanın müddətini artıraraq, 15 il həbs və 2 il sürgün cəzası haqda qərar verib.

Siyasi məhbusun kassasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin edilməyib. Həmçinin həbs cəzalarının müddətinin azaldılması qanununun tətbiq edilməsi üzrə tələbi də Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilməyib.

XS
SM
MD
LG