Accessibility links

İranın kəşfiyyat qüvvələri təbrizli şairin evində axtarış aparıb


Məhəmməd Rza Cəfəri

İranın kəşfiyyat qüvvələri Təbrizdə şair Məhəmməd Rza Cəfərinin evində axtarış aparıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin yaydığı xəbərə istinadən, təhlükəsizlik qüvvələr mədəni fəal və şairin evini bazar ertəsi günü təftiş ediblər. Cəfərinin bəzi şəxsi əşyaları, o cümlədən mobil telefonunun müsadirə olunduğu bildirilib.

HRA-nın məlumtına görə, məmurlar həmçinin Məhəmməd Rza Cəfəridən kəşfiyyat idarəsinin “37 nömrəli otağına” müraciət etməsini tələb ediblər.

Məhəmməd Rza Cəfəri “Əlvida”, “Yalan Sərgisi” və “Mən qadınların tərəfindəyəm” kitablarının müəllifidir.

Son həftələrdə Təbrizdə mədəni və siyasi fəallara basqıların artdığının müşahidə edildiyi bildirilir. Keçən üç həftə ərzində Şərqi Azərbaycan vilayətində bir neçə fəal kəşfiyyat qurumu və ya prokurorluğa çağırılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, fəallar Şahin Bərzgər, Siyamək Fərəczadə, habelə Mustafa və Əhməd Əşrəfi Liqvan qardaşları keçən günlərdə Təbrizin ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar.

Şərqi Azərbaycan vilayətinin Nadarlı qəsəbəsində Hüseyn Əmani və Məhəmmədrza Əmanidən kəşfiyyat nazirliyinin Mərənd şəhərindəki informasiya qərargahına müraciət etmələri istənilib. Gənc fəal Rəhim Pənahiyan isə bu yaxınlarda Təbrizdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

XS
SM
MD
LG