Accessibility links

Bakıda 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib


Bakıda 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib
Bakıda 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib

Bakıda 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.

Bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qız xəstəxanaya yerləşdirilib.

"13 yaşlı ana onu sığınacağa yerləşdirilməsini xahiş edib. O deyib ki, uşaq təcavüz nəticəsində doğulub".

Öz növbəsində azyaşlının valideynləri bu barədə hələ açıqlama verməyib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" rəsmi məlumat yayaraq bildirib ki, sentyabrın 6-da yerli vaxtla saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

"Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yeni doğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub".

Qurumdan qeyd olunub ki, hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, Sabunçu Rayon Polis İdarəsi və rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"Təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə Amerikanın Səsinə açıqlama verib ki, dərhal aidiyyəti qurumlara müraciət edib.

"Dövlət Komitəsinin əməkdaşları psixoloqun iştirakı ilə tibb müəssisəsində olub, yetkinlik yaşına çatmayan qızın sağlamlıq vəziyyəti ilə maraqlanıb və onun psixoloji durumu qiymətləndirilib. Qeyd edək ki, azyaşlı ananın və yeni doğulmuş körpənin sonrakı taleyi ilə bağlı məsələlər komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir".

Bununla bağlı qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə bildirib ki, azyaşlı çoxlu həm psixoloji, həm fiziki travma alıb.

"Fiziki həm də ona görə ki, bu yaşda uşaqların fiziologiyası doğuşa hazır deyil. Psixoloji yardımdan başlamaq lazımdır, eyni zamanda tibbi müayinələr aparılmalı, sağlamlığının bərpası yönündə tədbirlər görülməlidir. Yeni doğulmuş uşağa qulluq təmin edilməlidir. Bütün bunlarla paralel cinayətkarın cəzalandırılması yönündə tədbirlər görülməlidir. Lakin işin istintaqı zamanı uşağın hüquq sistemi tərəfindən ikinci travma almasına imkan vermək olmaz. Maksimum bir dindirmə ola bilər. Zərərçəkmiş deyil, dövlət işin araşdırılması və sübuta yetirilməsi işini yerinə yetirməlidir".

Azərbaycanın yerli ekspertləri ölkədə nikah yaşına çatmayan qızların ana olması ilə bağlı şikayətlərin olduğunu qeyd edib. Dövlət qurumları həmin məsələləri nəzarətə götürdüklərini açıqlayıb.

Azərbaycan Respublikasında nikah yaşı kişilər və qadınlar üçün 18 yaş müəyyən olunub.

XS
SM
MD
LG