Accessibility links

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı rəsmi məlumat yayıb


Elçin Sadıqov
Elçin Sadıqov

Azərbaycan Respublikası Baş prokurorluğu "Xural" İnternet Televiziyasının rəhbəri Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

Məlumatda deyilir ki, mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

"İstintaqla vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company" şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib".

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan əlavə prokurorluq media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırır ki, istintaq aparılan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

"İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".

Amma Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib və həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirib.

Hər iki şəxs apellyasiya şikayəti verəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG